ADPU-nun Pedaqoji Forumunun VI dinləməsi keçirilib

ADPU-nun Pedaqoji Forumunun VI dinləməsi keçirilib Noyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) himayəsi ilə təşkil edilən Pedaqoji Forumun (PF) növbəti-VI dinləməsi keçirilib. Görüşdə tanınmış tədqiqatçı alim Əhməd Qəşəmoğlu “Milli Təhsil Konsepsiyasının yaradılması zərurəti və onun mühüm prinsipləri” mövzusunda məruzə ilə çıxış edib. Dinləmədə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, professor-müəllimləri, tələbələri, ali təhsil müəssisələrinin alim-mütəxəssisləri, tanınmış ziyalılar, təhsil ekspertləri, pedaqoji ictimaiyyətin nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və media nümayəndələri iştirak ediblər.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov tədbiri giriş sözü ilə açaraq məruzəçi haqqında məlumat verib. Dosent E.Aslanov bildirib ki, Əhməd Qəşəmoğlu 1950–ci il fevral ayının 15-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndində anadan olub. 1972–ci ildə Bakı Dövlət Universitetinin Mexanika–riyaziyyat fakültəsini əla qiymətlərlə bitirib və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitunda fəaliyyətə başlayıb. 1974-cü ildən 1978–ci ilə kimi Moskvada SSRİ EA-nın Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunda əvvəlcə təkmilləşmə kursu keçib, sonra isə aspiranturanı bitirib. 1974-cü ildə Varşavada Beynəlxalq Statistika İnstitutunun keçirdiyi konqresdə məruzə ilə çıxış edib. Sovet Sosioloqları Assosiasiyasının İdarə Heyətinin üzvü olub. Bədii yaradıcılıqla da geniş şəkildə məşğul olur. Onun şeirləri ilk dəfə 1977-ci ildə Xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Sonra isə şeirləri, məqalələri, publisistik yazıları müntəzəm olaraq respublika mətbuatında dərc olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunub. 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən Gənc Yazıçıların Ümumittifaq Toplantısında lauerat olub. Buna görə də onun "Vlyublennıy veter" kitabı Moskvada "Gənc qvardiya" nəşriyyatında çap olunub. SSRİ Yazıçılar İttifaqının üzvü olub. O, eyni zamanda publisistika ilə də məşğul olur. Şeir və publisistik yazıları 10-dan çox xarici ölkədə müxtəlif dillərdə çap olunub. Rəsul Rza adına Beynəlxalq Mükafatın laueratıdır. Əhməd Qəşəmoğlu SSRİ–də riyaziyyatın sosiologiyaya tətbiqi sahəsində fəaliyyətə başlayan ilk mütəxəssislərdən biridir. 1974-cü ildə Azərbaycanda eprik sosiologiyanın əsasını qoyub. 1990–cı ildə Azərbaycanda ilk müstəqil Sosioloji Araşdırmalar Mərkəzini yaradıb. ABŞ-da,İrlandiyada, İsveçdə, Misirdə, Türkiyədə və digər ölkələrdə keçirilən 10-dan çox beynəlxalq toplantıda iştirak edib. 350–yə qədər sosioloji araşdırmanın aparılmasına rəhbərlik edib, 20–yə qədər fəaliyyət proqramının yaradıcısı, 300–ə qədər elmi, publisistik məqalənin, 5 şeir, 5 elmi kitabın müəllifidir. Əhməd Qəşəmoğlu iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru, sosioloq, "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycanın Jurnalistlər Birliyinin üzvüdür. UNESKO–nun Beynəlxalq Kadrlar Akademiyasının fəlsəfə doktoru, Azərbaycan-Hollandiya Dostluq Cəmiyyətinin, "Tərəqqi və Demokratiya" İctimai Birliyinin rəhbəridir.
Sonra Əhməd Qəşəmoğlu “Milli Təhsil Konsepsiyasının yaradılması zərurəti və onun mühüm prinsipləri” mövzusunda məruzə ilə çıxış edib. Öncə təqdimatın
keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edən Ə.Qəşəmoğlu vurğulayıb ki, onun məruzəsi dünyanın qabaqcıl elmi mərkəzlərinin də dəstəklədiyi “Ahəngyol” nəzəriyyəsi əsasında hazırlanıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na görə, təhsil sahəsi qarşısında duran əsas hədəf dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılmasıdır. Qabaqcıl mövqenin əsas meyarları isə ölkə əhalisinin, demoqrafik, iqtisadi, tarixi, mənəvi və s. potensialın xüsusiyyətlərindən, milli müstəqillik imkanlarından irəli gələn məxsusi bir təhsil sisteminin yaranmasıdır. Bu, elə təhsil sistemi olmalıdır ki, ölkəmizin və ümumiyyətlə, bəşəriyyətin tərəqqisinə kömək edə biləcək yüksəkixtisaslı, mənəviyyatlı kadrlar yetişdirsin. Elə bir təhsil sistemi yaradılmalıdır ki, hər kəs öz qabiliyyətinə, imkanlarına, üstünlük verdiyi dəyərlərə görə özünə peşə seçə bilsin. Bu peşələrin hər biri insanın həyat səviyyəsinin arzu edilən şəkildə qurulmasına imkan verməlidir. Hər kəs öz peşəsinin tələb etdiyi səviyyədə biliyə malik olmalıdır. Milli təhsil sistemi ölkənin, Yer üzünün tərəqqisinin mühüm şərtidir. Ölkə özü bir sosial sistemdir. Milli təhsil bu sistemin mahiyyətinə, mövcud xüsusiyyətlərinə uyğun olaraq yaranmış, həmin sistemin potensialını daha çox aça bilən mühüm mexanizmdir. Millli təhsil - milli ruhun, milli potensialın oyanmasına, əhatəli hərəkətverici qüvvəyə çevrilməsinə kömək edən əvəzedilməz vasitədir. Milli təhsil sistemi bəşəri dəyərlərə uyğun olaraq elə qurulmalıdır ki, həm də bütün Yer üzünün inkişafına kömək etsin. Təhsil sistemimizin qarşısında duran əsas vəzifələr ciddi planlaşdırma mexanizminin qurulması, hər bir ixtisas üzrə yalnız tələb olunan qədər mütəxəssisin hazırlanması, ölkədə hər bir insan üçün öz təyinatına, qabiliyyətinə uyğun olan potensialını açmağa imkan verən təhsil sisteminin yaradılması, hər kəsə öz qabiliyyətinə uyğun olaraq öz ixtisasını dəyişmək üçün şəraitin yaradılmasıdır. Bu gün təhsil sahəsində yeni Azərbaycan modelinin yaradılması bir tarixi, strateji, mənəvi, sosial sifarişdir. Məktəb-valideyn münasibətlərinin güclü mexanizmi yaradılmalı, ciddi, məzmunlu dərsliklər yazılmalı, xarici ölkələrin təcrübəsindən istifadə edilməlidir. Ali məktəblərdə sosial iş xidməti yaradılmalı, gələcək potensial iş yerləri ilə əlaqələr genişlənməli, ali məktəblərin fəaliyyəti dünyanın ən qabaqcıl ali məktəblərinin standartlarına uyğun qurulmalıdır. İdarəetmə ancaq struktur-funksional prinsiplə həyata keçirilməlidir. Struktur və funksiya daim ahəngdar şəkildə əlaqələndirilməlidir. Müəllimin əsas resursu onun biliyi, pedaqoji təcrübəsi, tədrisetmə qabiliyyətidir. Tələbənin resursu onun bilik səviyyəsi, təhsilə olan marağı, təhsil almaq imkanlarıdır. Təhsilalanlarda milli qürur, milli kimlik, vətənpərvərlik hisslərinin humanizm prinsipləri əsasında inkişaf etdirilməsi, yüksəldilməsi olduqca vacibdir.
Tədbirdə çıxış edən təhsil ekspertləri Etibar Əliyev, Almaz Həsrət, dosentlər Zahirəli Sadıxov, Əli Zalov, Amalya Həsənova və başqaları mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər. Ə.Qəşəmoğlu iştirakçıların mövzu ilə bağlı suallarını da cavablandırıb.
Tədbirin sonunda çıxış edən rektor Cəfər Cəfərov maraqlı və məzmunlu təqdimata görə Ə.Qəşəmoğluna təşəkkür edib. Rektor qeyd edib ki, bu tipli tədbirlər, aparılan müzakirələr, fikir mübadiləsi universitetin həyatının canlanmasına, təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir və bizi qarşımıza qoyduğumuz ali məqsədlərə, strateji hədəflərə yaxınlaşdırır.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-nun Pedaqoji Forumunun VI dinləməsi keçirilibADPU-nun Pedaqoji Forumunun VI dinləməsi keçirilib

Oxşar xəbərlər