ADPU-nun Pedaqoji Forumunun “Təhsil strategiyasının əsas dayağı: səriştə əsaslı təhsil” mövzusunda dinləməsi keçirilib

ADPU-nun Pedaqoji Forumunun “Təhsil strategiyasının əsas dayağı: səriştə əsaslı təhsil” mövzusunda dinləməsi keçirilib Fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yeni fəaliyyətə başlayan Pedaqoji Forumunun (PF) ilk tədbiri keçirilib. Tədbirdə tanınmış və nüfuzlu təhsil eksperti Asif Cahangirovun“Təhsil strategiyasının əsas dayağı: səriştə əsaslı təhsil” mövzusunda təqdimatı dinlənilib. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, professor-müəllimlər, tələbələr, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.
ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov PF haqqında məlumat verərək bildirib ki, PF ölkədə elmi-pedaqoji müzakirələrin keçirildiyi daimi platformadır. PF hər ilin sentyabr-may aylarında ölkədə və xaricidə təhsil və pedaqoji fikir sahəsində böyük təcrübəyə, elmi-tədqiqat nəticələrinə malik alimlərin və ekspertlərin dinləmələrinin keçirilməsi üçün imkandır. PF-un dinləmələrinin ayda bir dəfə keçirilməsi planlaşdırılır. PF qeyri-kommersiya, qeyri-formal düşüncə platformasıdır. PF ölkədə pedaqoji təhsil sahəsində mövcud dövlət, özəl və qeyri-hökumət təşkilatlarının bu platformada iştirakında maraqlıdır.
Çıxışında həm də məruzəçi haqqında danışan dosent E.Aslanov qeyd edib ki,
Asif Cahangirovun təhsil menecmenti sahəsində 40 ilə yaxın iş təcrübəsi vardır. O, müasir idarəetmə üzrə zəruri bilik və kompetensiyalara malikdir. İdarəetmənin demokratikləşdirilməsi və əksmərkəzləşdirilməsi, səlahiyyətlərin bölüşdürülməsi, əmək fəaliyyətinin qiymətləndirilməsi, xüsusilə, “Hədəfyönümlü idarəetmə” və “Nəticəyönümlü idarəetmə” üzrə beynəlxalq təcrübəni dərindən öyrənmiş və uğurla tətbiq etmişdir. Rəhbər və pedaqoji kadrların seçilib yerləşdirilməsi, ixtisaslarının artırılması, tabeliyində olan əməkdaşların iş keyfiyyətinin düzgün qiymətləndirilməsi, əməyin rəğbətləndirilməsi və digər məsələlər daim onun diqqət mərkəzində olmuşdur. A.Cahangirov bir çox ölkələrin təhsil sahəsində qanunvericilik bazasının təhlilini aparmış, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hazırlanmasında fəal iştirak etmişdir. Məqsədli təlim səfərləri zamanı Asif müəllim 21 ölkədə keçirilmiş treninq və seminarlarda təhsilin bütün sahələri üzrə beynəlxalq təcrübəni yerində mənimsəmiş, 50-dən çox ölkənin təhsil sistemini ətraflı öyrənmişdir. Ölkə və regional səviyyədə məktəbəqədər, ümumi orta, peşə-ixtisas, əlavə təhsilin təşkili və idarəolunması, təhsilin strategiyası, səmərəliliyi və keyfiyyətin idarəolunması, tədris və təlim prosesləri, kurikulum, dərslik, muəllim hazırlığı, təhsilin maliyyələşdirilməsi və infrastrukturu, təhsildə fundamental və tətbiqi tədqiqatlar, təhsil sistemində monitorinq, qiymətləndirmə və hesabatvermə sahələri üzrə müasir bilik və səriştələr əldə etmişdir. A.Cahangirov bir sıra beynəlxalq və ölkəmiqyaslı konfrans, seminar və treninqlər təşkil etmiş, onların moderatoru olmuşdur. Təcrübəli pedaqoqun Bolonya prosesi, tələbələrin təlim fəaliyyətinin kredit sistemi əsasında qiymətləndirilməsi, əmək fəaliyyətinin qiymətləndirilməsi, müasir təlim, komandadaxili fəaliyyət, səriştə əsaslı təhsil və s. aktual mövzularda təqdimatları pedaqoji ictimaiyyət və tələbələr arasında böyük əks-səda yaratmışdır. Onun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilib. “Əməkdar müəllim” fəxri adına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.
“Təhsil strategiyasının əsas dayağı: səriştə əsaslı təhsil” mövzusunda təqdimatla çıxış edən təhsil eksperti A.Cahangirov öncə təqdimatın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Bildirib ki, təhsil cəmiyyət həyatının strateji sahəsidir. Təhsil daim yenilənməli, inkişaf etməlidir. Səriştə əsaslı təhsil təhsil islahatlarının uğurla həyata keçirilməsi və bütövlükdə təhsil sahəsinin inkişafı üçün olduqca vacibdir. Səriştə əsaslı təhsil “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda həyata keçiriləcək əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Hazırda universitetlərin təhsil-tədqiqat innovasiya mərkəzlərinə çevrilməsi aktual vəzifədir. Universitetlərin tədqiqat universitetlərinə çevrilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu vəzifənin uğurla həyata keçirilməsində səriştə əsaslı təhsil mühüm rol oynayır. Səriştə-bilik, bacarıq, təcrübə, qabiliyyətdir. Səriştə biliyə əsaslanır, bacarıq və qabiliyyətin məcmusu kimi qiymətləndirilir. Səriştə məxsusi bilikdir, spesifik qabiliyyətdir. Biliklərin praktiki istifadəsi vacibdir. Səriştə əsaslı təhsildə nəzəriyyə praktika ilə birləşdirilir, elmi-nəzəri biliklər əməli fəaliyyətdə tətbiq edilir. Səriştə kokret fəaliyyət nəticəsində əldə edilir, konkret şəraitdə özünü büruzə verir. Səriştə peşəkar fəaliyyət üçün başlıca meyardır. Səriştə əsaslı təhsil müasir dünyada geniş yayılmış ömürboyu təhsil üçün də vacibdir. Təhsilyönümlü ali təhsildən təlimyönümlü ali təhsilə keçid qarşımızda vacib bir vəzifə kimi dayanır. Tələbə-gənclərə elmi-tədqiqat fəaliyyəti aşılanmalı, onlarda elmi-tədqiqat metodologiyalarından istifadə bacarıqları formalaşdırılmalıdır.
Təhsil ekspertləri professor Şahlar Əsgərov, fəlsəfə doktoru Etibar Əliyev çıxış edərək təqdimatı yüksək qiymətləndiriblər.
Tədbirdə ADPU-da son vaxtlar səriştə əsaslı təhsil baxımından pedaqoji təhsilin məzmununda, təhsil prosesinin təşkilində baş verən dəyişikliklər, müəllim hazırlığına spesifik yanaşmalar və digər vacib məqamlarla bağlı maraqlı və səmərəli fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirə yekun vuraraq yüksək səviyyəli konseptual təqdimata görə A. Cahangirova təşəkkür edib və ziyalılığ mühitinin formalaşmasında böyük önəm kəsb edən belə təqdimatların gələcəkdə də ardıcıl keçiriləcəyini vurğulayıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-nun Pedaqoji Forumunun “Təhsil strategiyasının əsas dayağı: səriştə əsaslı təhsil” mövzusunda dinləməsi keçirilib

Oxşar xəbərlər