Yaponiyanın məşhur telekanalı Bakı Ali Neft Məktəbində çəkilişlər aparıb

Yaponiyanın məşhur telekanalı Bakı Ali Neft Məktəbində çəkilişlər aparıb Yaponiyanın məşhur “Fuji” telekanalı özünün “Naruhodo! The World” proqramı üçün çəkilişlərinin bir hissəsini Bakı Ali Neft Məktəbində (BANM) aparıb.
İlk dəfə 1981-ci ildə yayımlanan proqram bu günədək 700-dən çox verilişlə ekrana çıxıb və proqramın növbəti verilişinin məhz Azərbaycana həsr edilməsi nəzərdə tutulub. Gələn ilin ilk günlərində efirə veriləcək veriliş ölkəmizin tarixini, milli-mədəni irsini, mətbəxini, görməli yerlərini, neft və s. kimi təbii sərvətlərini yaponlara daha yaxından tanıdacaq.
Neft sərvətindən məhrum olan yaponlar bu sahəni öz auditoriyasına daha yaxından və daha sadə dildə tanıtmaq üçün BANM ilə əməkdaşlıq ediblər. Belə ki, “Naruhodo! The World” adlı proqramın üzərində işləyən bir qrup yapon mütəxəssis ali məktəbin laboratoriyalarında, tədris otaqlarında və kampusunun yaxınlığındakı buruqlarda professor və tələbələrlə birgə çəkilişlər aparıb. Çəkilişlər zamanı tələbələrlə birgə neft üzərində təcrübələr aparılıb və müxtəlif suallar cavablandırılıb. Ali məktəbin neft-qaz mühəndisliyi kafedrasının professorları Fuad Vəliyev və Rauf Nadirov neft buruqlarının qarşısında Azərbaycan neftinin tarixi və çıxarılması üsulları haqda tələbələrə və çəkiliş komandasının üzvlərinə maraqlı faktlar deyiblər.
Proqramın koordinatoru Midori Umehara BANM-in rektoru Elmar Qasımovla görüşü zamanı Azərbaycanda yüksək standartlara cavab verən bu cür universitetin olmasını böyük maraqla qarşıladığını bildirib və qonaqpərvərliyə, çəkiliş üçün yaratdığı şəraitə görə ona “Fuji” telekanalı adından təşəkkür edib.

BANM-nin Mətbuat Xidməti



Oxşar xəbərlər