Azərbaycan İlahiyyat İnstitutunda ilk imtahan sessiyasına hazırlıqla bağlı təlim keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda ilk imtahan sessiyasına hazırlıqla bağlı təlim keçirilib Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ilk imtahan sessiyasına hazırlıqla bağlı təlim keçirilib.
Aİİ rəhbərliyinin, müəllim və tələbə heyətinin iştirak etdiyi təlimdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi, imtahan cavablarının yoxlanılması, şəffaflığın və obyektivliyin təmini məsələlərində vacib məqamlara toxunulub.
Təlimdə müəllim və koordinatorlar institutun 2018/2019-cu tədris ilinin ilk payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara uyğun təşkilini təmin etmək, imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun mütəşəkkil keçirilməsi barədə məlumatlandırılıblar.
Sessiyanın gedişi zamanı yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həlli, imtahanların nəticələri ilə əlaqədar müraciətlərə baxılması məqsədilə operativ qərargah yaradılıb.
Təlimdə payız imtahan sessiyasında tətbiq olunacaq yeniliklər diqqətə çatdırılıb.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə yaradılıb. İnstitutda 1 fakültə və 3 kafedra fəaliyyət göstərməklə, dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə mütəxəssislər hazırlanır. Təhsil müəssisəsində 109 tələbə təhsil alır və 20-yə yaxın müəllim tədris prosesinə cəlb edilib.

Aİİ-nin Mətbuat Xidməti



Oxşar xəbərlər