Hüquq müdafiəçiləri Mehmanla nə danışıb?

Hüquq müdafiəçiləri Mehmanla nə danışıb? “Mehman bizə görüşdə bildirdi ki, artıq sulu qidalar qəbul edir və saxlama şəraitindən hər hansı narazılığı yoxdur”.
Bu sözləri Tehsil-press.az-a hüquq müdafiəçisi Səadət Bənəniyarlı bugünkü görüşlə bağlı təəssüratlarını bölüşən zaman deyib. O bildirib ki, hazırda Mehman Hüseynovun vəziyyəti qənaətbəxşdir: “Bu gün o, həm atası, həm Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, həm də bizimlə görüşüb. Elə bizimlə 1 saatdan artıq söhbət etdi. Yəqin, zəifliyi olan, özünü pis hiss edən adam bu qədər uzun müddət söhbətləşə, fikirlərini səlis ifadə edə bilməz.
Mehman bizə dedi ki, aksiyanı hardasa ötən ayın 30-dan saxlayıb, sulu qidalar qəbul edir. Özü demiş, kabab yeməyəcək ki? Özünü tam normal idarə edə bilir, rahat gəzir də. Bizim onun qaldığı kamarenı görmək, saxlanma şəraiti ilə tanış olmaq imkanımız da oldu. Hər şey normaldır. Mehmanın tək etirazı ona qarşı açılmış 2-ci cinayət işi ilə bağlıdır. Biz də bu zaman əlimizdən gələni etməyə hazırıq”.
Qeyd edək ki, bu gün bir qrup hüquq müdafiəçisi Mehmanla həbsxanada görüşüb. Onların arasında Sahib Məmmədov, Səadət Bənəniyarlı, Əliməmməd Nuriyev və Rauf Zeyni də var.

Tehsil-press.az

Oxşar xəbərlər