Nəsiminin yaradıcılığı Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir

Nəsiminin yaradıcılığı Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir Prezident İlham Əliyev hər zaman bütün sahələr kimi, ədəbiyyatı da diqqət mərkəzində saxlayır, görkəmli ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın dünyada təbliğ olunmasına önəm verir. Ölkə başçısının son dövrlərdə bu istiqamətdə imzaladığı müvafiq fərman və sərəncamlar klassik ədəbiyyat nümayəndələrinin daha da tanıdılmasına xidmət edir.
Dövlətimizin başçısının İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı Azərbaycanda Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamı böyük əhəmiyyət kəsb edir.
Bunu Tehsil-press.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının mətbuat və informasiya idarəsinin elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc tədqiqatçı Nərgiz Qəhrəmanova bildirib.
N.Qəhrəmanova qeyd edib ki, cari ilin “Nəsimi ili” elan olunması orta əsrlərin ən qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına yeni baxışın ortaya qoyulması, bu görkəmli şəxsiyyətin irsinin dünya ictimaiyyətinə çatdırılması, onun müasir dövrdə də aktuallıq kəsb edən ideyalarının təbliği baxımından böyük məna kəsb edir.
Azərbaycan, fars və ərəb dillərində çoxlu orijinal əsərlərin müəllifi olan Nəsiminin xüsusilə ölkə poeziyası və ədəbi dilinin inkişafında əvəzsiz xidmətləri olmuşdur. Şair ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazmışdır. Nəsiminin yaradıcılığı dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir. Belə ki, canlı xalq danışıq dili, fikrin sadə və anlaşıqlı ifadə olunması, məna rəngarəngliyi Nəsiminin şeir yaradıcılığının ana xəttini təşkil edir.
Bu səbəbdən AMEA-nın Dilçilik İnstitutunun 1973-cü ildən məhz İmadəddin Nəsiminin adını daşıması heç də təsadüfi deyil. İnstitutda dahi mütəfəkkirin həyatına, bədii yaradıcılığına, Azərbaycan dilinin inkişafındakı xidmətlərinə dair çoxsaylı tədqiqatlar aparılıb, monoqrafiyalar yazılıb, dissertasiya işləri müdafiə olunub.
Azərbaycan ədəbiyyatında həm də eşq şairi kimi tanınan Nəsiminin bu qəbildən olan şeirləri fəlsəfi baxımdan dünya poeziyasının incilərindən sayıla bilər. Nəsimiyə görə eşq yalnız Allaha olmalıdır. “Eşq ilə vasil olurlar Tanrıya” deyən şair insanın yaradılışının mənbəyini eşqdə görür.
Nəsimi özündən sonra zəngin bir irs qoyub gеtmişdir. O, daim humanist ideyaları təbliğ edib, şeirlərində insan ləyaqətinə, onun qüdrətinə olan yüksək inamından söz açıb. Nəsimi yaradıcılığının bu xüsusiyyətləri növbəti şair nəslinin formalaşmasında mühüm rol oynayıb. O, əsas etibarilə ana dilində yazıb-yaratmaqla özündən sonra gələn azərbaycandilli şairlərin yetişməsi üçün zəmin yaradıb, bununla da XIV əsrdən sonra Azərbaycan ədəbi dilinin inkişafına məqsədyönlü istiqamət verib. Nəsiminin əsərləri hələ sağlığında Azərbaycanla yanaşı, Yaxın Şərq, İraq, Kiçik Asiya ölkələrində və Suriyada, eləcə də Orta Asiyada geniş şöhrət qazanıb.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə də şairin irsinin dərindən araşdırılması və təbliği aktual olub. Böyük mütəfəkkirin 600 illiyinin UNESCO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunduğu dövrdən etibarən Nəsimi ilə bağlı ciddi tədqiqatlar aparılıb. Qüdrətli şairin yaradıcılığının hərtərəfli öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açıb.
1979-cu ildə Bakı şəhərində Nəsiminin heykəlinin ucaldılması, 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında şairin vəfatının 600 illiyinin qeyd edilməsi, 2018-ci ilin sentyabrında ölkəmizdə ilk dəfə Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalının təşkili bu dahi insanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlərdəndir.

Tehsil-press.az



Oxşar xəbərlər