İlin ilk ayında 4 419 müraciət daxil olub

İlin ilk ayında 4 419 müraciət daxil olub Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin yanvar ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Belə ki, qeyd olunan müddət ərzində ümumilikdə, 4 419 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 386 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 1 208 vətəndaş müraciəti daxil olub. 116 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1 443 sənəd (vətəndaşlar tərəfindən 133 ərizə, Təhsil Nazirliyindən 158, digər qurumlardan 277, məktəblərdən 483 məktub, 76 strukturdaxili yazışma və 316 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 266 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.
Qeyd edək ki, yanvar ayı ərzində, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 5 rayonu (Xəzər, Pirallahı, Sabunçu, Binəqədi və Nəsimi rayonları) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər