ADPU-da 1Mart-Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

ADPU-da 1Mart-Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib Martın 1-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının iştirakı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda tədbir keçirilib. Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov universitetin 2019-cu il üçün mülki müdafiə üzrə hazırlıq planına əsasən fevralın 6-da bu tədbirin yüksək səviyyədə keçirilməsi məqsədilə müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən universitetdə 5 nəfərdən ibarət komissiya yaradılıb. Tədbirdə ADPU-nun rəhbərliyi, Səbail Rayon İcra Hakimiyyətinin (RİH) məsul şəxsləri, FHN-nin Bakı Regional Mərkəzinin, nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin, Səbail Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, bələdiyyələrin əməkdaşları, rayon veteranlar təşkilatlarının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin nümayəndələri, universitetin müəllim-texniki heyəti, hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin komandir-rəis və şəxsi heyəti, tələbələri iştirak ediblər. Universitetin həyətində başlayan tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev qeyd edib ki, 1 Mart-Ümumdünya Mülki Müdafiə Günü 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gündür. Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan 1993-cü ildən bu nüfuzlu beynəlxalq təşkilatın üzvüdür. Müasir dövrümüzdə vətəndaşların mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə təşkilatları qarşısında dayanan əsas vəzifələrdən biridir.
Tədbirdə çıxış edən Səbail RİH-in şöbə müdiri Anar Axundzadə bildirib ki, Ümumdünya Mülki Müdafiə Günü münasibətilə rayon icra hakimiyyəti tərəfindən müvafiq sərəncam verilib və tədbirlər keçirilir.
Səbail rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, əsas məqsəd tələbələri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir.
Çıxışlardan sonra universitetin həyətində süni yanğın hadisəsi təşkil olunub və həyəcan siqnalı verilib. Dörd dəqiqə ərzində tələbə və müəllim heyəti universitetin binasından təxliyə olunub. Təxliyə olunan andan şərti xilasetmə əməliyyatına başlanılıb. Əvvəlcə “112” qaynar telefon xəttinə məlumat verilib. Tələbələrin iştirakı ilə hadisə zamanı universitetin binasında qalan yaralılar həyətə çıxarılıb, onlara ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıblar. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib. Təlimlər çərçivəsində xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, FHN-nin xilasedicilərinin xüsusi texnikasına və alətlərinə baxış keçirilib.
Sonra tədbir universitetin Heydər Əliyev məktəbinin lektoriyasında davam edib. Tələbələr üçün əyani vəsaitlər və videofilm nümayiş etdirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da 1Mart-Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

ADPU-da 1Mart-Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

ADPU-da 1Mart-Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

ADPU-da 1Mart-Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

Oxşar xəbərlər