Sınaqdan keçən ehtiyat dərsliklər nə vəd edir?

Sınaqdan keçən ehtiyat dərsliklər nə vəd edir? Şagirdlərin nəticələri yüksələcək, müəllimlərin inkişafına ciddi təkan verəcək, valideynləri tədris prosesinə cəlb edəcək
2018-2019-cu tədris ilindən Azərbaycanda 1-ci siniflər üzrə ehtiyat dərsliklərin tətbiqinə başlanılıb. Hazırda birinci sinfin “Azərbaycan dili” və “Riyaziyyat” dərsliklərinin ölkə səviyyəsində 123 sinifdə pilot layihə üzrə sınağı həyata keçirilir. Sınaq mərhələsi 3000-ə yaxın uşağı əhatə edib. 123 sinfin 48-i şəhər, qalanları isə rayon məktəblərindən seçilib. 2-ci sinif üçün dərsliklərin hazırlanması prosesi isə davam edir. Növbəti tədris ilində həmin dərsliklər də sınaqdan keçiriləcək. Rus bölməsi üçün isə “Riyaziyyat” və “Azərbaycan dili” dərslikləri tərcümə edilir. Rus dili dərsliyinin hazırlanması planda olsa da, tezliklə reallaşdırılması nəzərdə tutulmayıb. V sinifə ehtiyat dərsliklərin konsepsiyası üzərində iş gedir. Eyni zamanda bu il məktəbəqədər təhsil üçün yeni alternativ dərsliklər də hazırlanır.
Növbəti tədris ilində isə dərsliklərin sınağına cəlb ediləcək birinci sinif şagirdlərinin sayı artırılacaq. Yeni dərsliklər 5000-6000 birinci sinif şagirdi ilə təkrar sınaqdan keçiriləcək. Növbəti nəticə də uğurlu olarsa, 2020-2021-ci tədris ilindən məktəblərimizdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə ehtiyat dərsliklərin tədrisi nəzərdə tutulub.
Ehtiyat dərslik
İbtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat üzrə ehtiyat dərsliklərin hazırlanması Nazirlər Kabinetinin sərəncamına əsasən həyata keçirilir. Bu dərsliklərin mahiyyəti ilə bağlı sərəncamın icrasına başlandığı ilk gündən anlaşılmazlıq hiss olunmaqdadır. “Ehtiyat” olması bu dərsliklərin istifadədə olan dərsliklərlə yanaşı istifadə olunacağı fikrini yaradırdı ki, bu da çaşqınlığa səbəb olurdu. Hansı dərsliyin hansı şəraitdə, nə vaxt istifadə ediləcəyi ilə bağlı çoxlu suallar yaranırdı. Artıq məsələ aydınlaşıb. Təhsil İnstitutu tərəfindən hazırlanan bu dərsliklər dilin və riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır və hazırda istifadədə olan ənənəvi dərsliklərdən məzmun və metodologiya baxımından fərqlənir. Ancaq geniş elmi-pedaqoji araşdırmalar nəticəsində ərsəyə gələn müasir dərsliklər hazırki dərslikləri inkar etmir.
Yeni dərsliklərin fərqli cəhətləri oxunaqlılığı, görünüş və dizaynı ilə şagirdin motivasiyasını qaldırması ilə də ortaya çıxır.
Ehtiyat dərslikləri kim və necə yazdı
İndiyədək ölkəmizdə dərsliklər nəşriyyatlarda hazırlanıb. Kiçik müəllif heyətlərinin hazırladığı dərsliklərə münasibət isə birmənalı olmayıb. Maraqlıdır, bəs ehtiyat dərsliklər harda və necə hazırlanır?
İlk növbədə qeyd edək ki, ehtiyat dərsliklərin hazırlanması prinsipləri dərsliklərin ənənəvi hazırlanması prinsiplərindən ciddi surətdə fərqlənir. Ehtiyat dərsliklərin yazılması işinin təşkili üçün Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb. Bu prosesin ilk mərhələsində Təhsil Nazirliyi tərəfindən verilmiş elan əsasında Azərbaycan dili üzrə 160, riyaziyyat fənni üzrə isə 145 müəllim arasında üç mərhələli müsabiqə keçirilib. Dərslik hazırlığına ali məktəb və universitetlərdə çalışan alim və pedaqoqlar cəlb edilib. Tədrisi xarici proqramlar əsasında qurulan bir çox beynəlxalq məktəblərdə görüşlər keçirilib, onların təcrübələri öyrənilib. Həmin məktəblərdə çalışan müəllimlər müsabiqəyə dəvət olunub. Daha sonra ehtiyat dərsliklərin konsepsiyası hazırlanıb və məzmunu təkmilləşdirilib.
Məzmunun necə təkmilləşdirilməyinə baxaq. Dil və riyaziyyatın tədrisində dünyada qəbul olunmuş müasir yanaşmalar təhlil edildikdən sonra qabaqcıl təhsil sistemlərinin müvafiq kurikulumları və təlimin pedaqoji prinsipləri öyrənilib. Nəticədə, yaradılan ehtiyat dərsliklərin strukturu, təlim metodikası, müasir metodoloji yanaşmalar və digər konseptual prinsiplər ümumiləşdirilərək xüsusi sənəd formasında hazırlanıb. Bunun nəticəsidir ki, yeni dərsliklərdə beynəlxalq qiymətləndirmələrdə nəzərə alınan bacarıqların inkişaf etdirilməsinə nisbətən daha çox yer verilib. Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayevin sözlərinə görə, Azərbaycan dili dəsliklərində PIRLS, riyaziyyat dərsliklərində isə TIMSS beynəlxalq qiymətləndirməsindən irəli gələn tələblər nəzərə alınıb: “4-cü sinif şagirdləri arasında mətnlərin oxunun və qavramanın (PIRLS) və riyazi təhsilin (TIMSS) keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı beynəlxalq tədqiqatların çərçivə sənədləri təhlil edilib. İbtidai siniflərdə Azədbaycan dili və riyaziyyat fənləri üzrə hazırda istifadə olunan təhsil proqramlarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlanıb”.
Sınaqlar nə göstərir?
Tədris resurslarının istifadəsindən əvvəl onların sınaqdan keçirilməsi təlim materiallarının keyfiyyətini artırmaq üçün mühüm mərhələdir. Dünyanın aparıcı təhsil sistemlərində bu mərhələ xüsusi əhəmiyyət kəsb etsə də, ölkəmizdə ehtiyat dərsliklərin sınaq mərhələsi ilk təcrübə olaraq maraq oyadır.
Pilot layihədə iştirak edən siniflər ölkəmizin müxtəlif şəhər, rayon və kəndlərini əhatə edir. Sınaq müddətində müəllimlərlə sıx əməkdaşlıq edilir və onun nəticələri xüsusi blanklarda təqdim olunur. Bu müddətdə ekspertlərin iştirakı ilə dərsliklərin müzakirəsi təşkil olunur və ictimai rəy öyrənilir. Sonda sınaqda iştirak edən müəllim, ekspert, rəyçilərin irad və təklifləri ümumiləşdiriləcək və dərslik komplektlərinin kütləvi istifadəsi üçün müvafiq düzəlişlər ediləcək.
Şagirdlər məktəbəhazırlıq qruplarından gəlirsə...
Bəs, bu sınağın ilkin nəticələri nə göstərir? Azərbaycan məktəblərində istifadəyə verilən beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanan yeni dərslikləri oxuyub qavraya bilirlərmi?
Qeyd edək ki, şagirdlərin 1-ci sinfə məktəbəhazırlıq qruplarından müəyyən səviyyə ilə gəldikləri ehtiyat dərsliklərdə nəzərə alınıb.
Müşahidələr göstərir ki, məktəbəhazırlıqdan gələn birinci sinif şagirdlərinin qavramasında hər hansı problem yoxdur. Problem o siniflərdə yaranır ki, yarısı məktəbəhazırlıqdan, digər yarısı isə birbaşa birinci sinfə gəlib.
Emin Əmrullayevin sözlərinə görə, bu, həm müəllim üçün, həm də şagirdin məktəbə öyrəşməsində problem yaradır: “Artıq birmənalıdır ki, sürətimizə birbaşa məktəbə gələn uşağın hazırlıq səviyyəsinin olmaması mənfi təsir edir. Bir neçə il əvvəl 20-25 faiz uşaq məktəbəhazırlıqdan gəlirdi və sinifdəki 70-75 faiz uşaq birbaşa birinci sinifdə oxuyurdu. Bu halda 20-25 faiz gözləməli olurdu ki, sinifdəki əksəriyyət onların səviyyəsinə çatsın və bundan sonra birgə yola davam etsinlər. Ancaq artıq uşaqların 70 faizə qədəri məktəbəhazırlığa cəlb edilib və bu göstərici tezliklə 90 faizə çatdırılacaq. Təbii ki, birinci sinfə 90 faiz uşaq məktəbəhazırlıqdan gəlirsə, artıq dərsliklər bu amil nəzərə alınaraq yazılacaq”.
Müəllimlər təlim keçməlidir
Ehtiyat dərsliklər müəllimlərlə bağlı da tədris prosesində bəzi yanlışları ortaya çıxarıb: “Müəllimlər şagirdlərə Azərbaycan dili fənni üzrə tapşırıq verərkən daha çox hüsnxəttə fikir verir, oxuyub anlamasına az diqqət ayırırlar. Müşahidəmiz ondan ibarətdir ki, qavrama, anlama, düşünmək, tənqidi düşünmək kimi bacarıqların önünə çıxan ənənəvi bacarıqlar hələ də var”.
Bunu nəzərə alaraq, ehtiyat dərsliklərlə işləyən müəllimlərə ixtisasartırma təlimləri keçiriləcək. E.Əmrullayevin sözlərinə görə, yeni dərsliklərdən istifadədə müəllimlərin dəstəyə ehtiyacı olduğu monitorinqlərdən aydın görünür: “Xüsusən də, beynəlxalq qiymətləndirmələrdə ölçülən, Azərbaycanda tədrisi ənənəvi hesab edilməyən sahələrlə bağlı təlimlərə ehtiyac var. Məsələn, hərfləri öyrədərkən hələ də müəllimlər açıq-qapalı, dodaqlanan-dodaqlanmayan sait olduğunu da öyrədirlər. Halbuki 6 yaşlı uşaq üçün bunun heç bir əhəmiyyəti yoxdur. Bunu sonradan da öyrənə bilər və öyrənəcək də. Yaxud, birinci sinifdə ədədlər keçilir. Onları metodik olaraq rəqəmlərlə müqayisə etmək lüzumsuzdur. Bizim müəllimlər elə hesab edir ki, uşaqlara yaxşılıq edirlər. Halbuki bu uşaqlar üçün artıq yükdür. Yeri gəlmişkən, mətnlərin həcmi ilə bağlı çalışırıq ki, norma yaradaq. Ümumişlək sözlər və sözlərin işlənmə tezliyi ilə bağlı məsələlərə baxılmalıdır. Azərbaycanda mətnlərin statistik ölçməsi ilə bağlı, demək olar ki, qayda yoxdur. İnsanlar mətnlərə daha çox emosional yanaşırlar. Ancaq dünyada bu və ya digər mətni ölçən elmi-statistik alətlər var. Çalışırıq ki, bu alətlərdən istifadə edərək verilmiş mətnin hansı çətinlik dərəcəsində olduğunu müəyyən etdikdən sonra onu dərsliyə salaq”.
Ehtiyat dərsliklər nələrə səbəb olacaq?
Beləliklə, yeni dərsliklər artıq istifadədədir. Onlarla bağlı ilkin rəy də var. Həmin rəyə güvənsək, yeni dərsliklərin sadəcə şagirdlər və müəllimləri deyil, həm də valideynləri təhsil prosesinin fəal iştirakçısına çevirəcəyi şübhə doğurmur: “Ənənəvi dərsliklər dərslik, müəllim üçün vəsait və iş dəftərindən ibarət olurdusa, yeni dərslik komplektlərində məzmunu valideynlərin başa düşməsi, şagirdlərin evdə dərsə hazırlığına kömək etmələri, uşaqların gündəlik həyat tərzi ilə bağlı valideynlərə tövsiyələr də hazırlanıb”.
Emin Əmrullayevin fikrincə, bu, valideynləri tədris prosesinə daha yaxından cəlb etməyə imkan verəcək. Dərslik komplektinə daxil olan valideyn bələdçisi valideynlərin pedaqoji maarifləndirilməsində böyük rol oynayacaq və onları tədris prosesinə cəlb edəcək.
Ehtiyat dərsliklər müəllim-pedaqoji kontingentin inkişafına da ciddi təkan verəcək, şagirdlərin beynəlxalq qiymətləndirmələrdə nəticələrinin yüksəlməsinə şərait yaradacaq.

Ruhiyyə DAŞSALAHLI

Oxşar xəbərlər