Erməni qəsbkarları bu gün də öz fəaliyyətlərini davam etdirirlər

Erməni qəsbkarları bu gün də öz fəaliyyətlərini davam etdirirlər Bakı Slavyan Universitetində (BSU) pedaqoji fakültənin nəzdində pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Soyqırımı: etnopsixoloji baxış” mövzusunda tədbir keçirilib.
Tədbirdə kafedranın müdiri, dosent Sevinc Axundova XX əsrin əvvəllərindən başlayaraq erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdiyi cinayət əməlləri barədə məlumat verib. O, 1918-ci ilin mart ayında erməni qatillərinin Bakıda başladığı qırğınların Azərbaycanın digər rayonlarında, indiki Ermənistanın bir çox bölgələrində və İrəvan şəhərində davam etdirdiklərini bildirib. S.Axundova sovet dövründə də düşmən qüvvələrin öz əməllərindən əl çəkmədiklərini, 1948-ci və 1953-cü illərdə azərbaycanlıları Ermənistan ərazisindən köçürməklə öz çirkin planlarını həyata keçirmək istiqamətində ardıcıl addımlar atdıqlarını söyləyib. O, erməni qəsbkarlarının bu gün də öz fəaliyyətlərini davam etdirdiklərini diqqətə çatdırıb.
Kafedranın müəllimi Sevda Mansurova etnik münaqişələrin yaranma səbəbləri, formaları və insan psixikasına vurduğu zərərlərdən danışıb. Kafedranın digər müəllimi Aygün Əliyeva isə Azərbaycan xalqının milli özünüdərk və milli şüurunun formalaşması tarixindən söz açıb. O, gənclərin öz kimliklərini bilmələrinin, milli-tarixi köklərindən xəbərdar olmalarının zəruriliyini vurğulayıb.
Pedaqoji fakültənin tələbəsi Mədinə Hüseynova çıxışında dünyanın qaçqınlıq problemi ilə üz-üzə dayandığını diqqətə çatdırıb. O, qaçqınların yerləşdirilməsi, sosial təhlükəsizliklərinin təmin edilməsi və məşğulluq məsələlərinin həlli ilə yanaşı, onların psixoloji yaşantıları və sarsıntılarının reabilitasiyasının gündəmdə olduğunu deyib.
Həmin fakültədə rus dili müəllimliyi ixtisası üzrə təhsil alan Xanım Məmmədova Quba məzarlığından, onun tarixindən söhbət açıb.
Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müdiri, professor Cahangir Məmmədov Azərbaycana qarşı düşmən qüvvələrin zaman–zaman apardığı işğalçılıq siyasəti və törətdiyi cinayətlərdən bəhs edib, gənclərə öz tövsiyələrini verib.
Sonra həmin kafedranın müəllimləri Ərzuman Əmirov, Əli Rüstəmov soyqırımı haqqında konkret faktlar səsləndiriblər. Onlar da Azərbaycan gənclərini ayıq olmağa, elm və biliyə yiyələnməklə xalqımızı dünyada tanıtmağa çağırıblar.

BSU-nun Mətbuat Xidməti


Erməni qəsbkarları bu gün də öz fəaliyyətlərini davam etdirirlər

Oxşar xəbərlər