“Erməniçilik müasir dövrün böyük problemi kimi” əsəri Türkiyənin elmi ictimaiyyəti üçün əsaslı mənbədir

“Erməniçilik müasir dövrün böyük problemi kimi” əsəri Türkiyənin elmi ictimaiyyəti üçün əsaslı mənbədir Ankarada professor Aygün Əttarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” əsərinin təqdimatı keçirilib.
Türkiyənin Vəkillər Kollegiyasında keçirilən təqdimat mərasimində rəsmi şəxslər, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Türkiyənin Vəkillər Kollegiyasının sədri Mətin Feyzioğlu, sabiq dövlət naziri Sadi Somuncuoğlu və başqaları əsər barədə fikir və mülahizələrini bölüşüblər. Diqqətə çatdırılıb ki, erməni millətçi dairələri yüz il əvvəl olduğu kimi, indi də türk düşmənçiliyi iddiasından əl çəkməyiblər. Bu mənada “Erməniçilik müasir dövrün böyük problemi kimi” əsəri Türkiyənin elmi ictimaiyyəti üçün əsaslı mənbədir.
İştirakçılara və çıxışçılara minnətdarlığını ifadə edən Aygün Əttar saxta “erməni məsələsinin” dünəni və bu günü ilə bağlı fikir və mülahizələrini bildirib. Alim qeyd edib ki, mövzu ətrafında geniş ictimaiyyətin maarifləndirilməsinə, o cümlədən bu barədə yazılan kitabların gənc nəsil arasında davamlı olaraq yayılmasına böyük ehtiyac var.
Qeyd edək ki, əsərdə 1917-ci ildə çar Rusiyasında baş vermiş bolşevik inqilabının Qafqaza, o cümlədən Azərbaycanın ictimai-siyasi həyatına təsiri, bolşeviklərin ermənilərdən Azərbaycana qarşı istifadə etmələri, saxta “erməni məsələsi”nin siyasi mahiyyəti, ermənilərin Azərbaycan torpaqlarına məqsədli məskunlaşdırılmasının bütövlükdə Qafqaz bölgəsi üçün yaratdığı fəsadlar və XX əsrin əvvəllərində Anadolu bölgəsində, eləcə də Naxçıvanda erməni silahlı dəstələrinin insanlığa qarşı törətdiyi ağır cinayətlərdən bəhs olunur. Həmçinin ötən əsrin sonlarından başlayaraq təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları və işğalçılıq siyasəti, bu səbəbdən xalqımıza qarşı törədilən bəşəri cinayətlər, soyqırımı və deportasiyalar, bu zəmindəki cinayətləri davam etdirmək niyyətləri əsərdə yer alıb. “Böyük Ermənistan” iddiasının ortaya çıxardığı “erməniçilik” missiyasının sülhsevər dünya üçün böyük təhlükə olduğunu tarixi faktlar və məntiqi mülahizələrlə təqdim edəm professor əsaslandırır ki, Osmanlı dövlətinə qarşı xəyanət edən erməni lobbisi müasir dövrdə Azərbaycan və Türkiyə dövlətlərini hədəfə alıb.

Sabir Şahtaxtı

Oxşar xəbərlər