Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə IV SOCAR Forumu işə başladı

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə IV SOCAR Forumu işə başladı Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 4-cü SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu başlanıb.
Forumun açılış mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilən Forumun keçirilməsinin artıq ənənəvi hal aldığını və bu tədbirin Xəzər regionunun neft təqvimində ən mühüm hadisə olduğunu bildirib. Forumun ayrı-ayrı regionları və şirkətləri təmsil edən mütəxəssislərə Xəzər regionu və Mərkəzi Asiyada neft-qaz sənayesinin başlıca inkişaf istiqamətləri, eləcə də ticarət, logistika, neft emalı və neft-kimya sahələrində ən böyük beynəlxalq layihələr barədə informasiya mübadiləsi, habelə region ölkələrindən olan həmkarlar və tərəfdaşlarla birgə mövcud əməkdaşlığın möhkəmlənməsi və yeni işgüzar əlaqələrin qurulması üçün geniş imkanlar təqdim etdiyini söyləyən rektor tədbirin Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyasının işıqlandırılması üçün unikal bir platforma olduğunu vurğulayıb.
Daha sonra çıxış edən energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, BP AGT regionunda Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezident Bəxtiyar Aslanbəyli, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və "Ukrgasvydobuvannya" şirkətinin kommunikasiyalar üzrə direktoru Volodimir Gaidaş Forum barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşərək Forumun gedişatına uğurlar arzuladılar.
Xatırladaq ki, 2016-cı ildən etibarən hər il təşkil olunan Forumda bu il 20-dən artıq ölkədən 300-ə qədər nümayəndə, o cümlədən Xəzər və Mərkəzi Asiya regionlarının yanacaq-energetika, neft-kimya komplekslərinin və logistika strukturlarının, həmçinin aparıcı yerli və beynəlxalq şirkətlərin top menecerleri, sahəsinin öndə gedən ekspertləri, analitiklər, diplomatik korpus nümayəndələri və digər çoxsaylı mütəxəssislər iştirak edirlər.
İştirakçılar Azərbaycanın neft-qaz sənayesinin inkişafı, Xəzər regionu və Mərkəzi Asiyada neft və qaz bazarları, karbohidrogenlərin logistika və tranzit potensialı, başlıca ixrac marşrutları, xam neft və neft məhsullarının ticarət dövriyyəsi, neft emalı və neft-kimya müəssisələrinin modernizasiyası, neft və qaz emalı sahəsində innovativ texnologiyalar və bir çox digər sahələrdə çoxsaylı məruzələr və ekspert rəyləri ilə tanış olmaq imkanı əldə edirlər. Forum iştirakçılarının həmçinin SOCAR Karbamid, SOCAR Metanol, SOCAR Polimer zavodlarına və Səngəçal Neft Terminalına səfərləri nəzərdə tutulub.

BANM-nin Mətbuat Xidməti



Oxşar xəbərlər