AMEA ilə Türkiyənin Dokuz Eylül Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA ilə Türkiyənin Dokuz Eylül Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb İyunun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Türkiyənin Dokuz Eylül Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli daim dövlətin diqqət və qayğısı ilə əhatə olunan AMEA-nın tarixi inkişaf yolu, burada aparılan elmi-tədqiqat istiqamətləri haqqında ətraflı danışıb, Azərbaycanla qardaş Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elmi əməkdaşlıq istiqamətində də mühüm addımlar atıldığını diqqətə çatdırıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə beynəlxalq elmi əməkdaşlığın daha böyük coğrafiyanı əhatə etdiyini xüsusi vurğulayan İ.Həbibbəyli son illərdə akademiyada aparılan islahatlardan, elmi sahələrarası əlaqələrdən, yeni yaradılan perspektiv elmi istiqamətlərdən bəhs edib. Diqqətə çatdırıb ki, akademiyanın institutlarında elmi-tədqiqat işlərinin səmərəliliyinə xüsusi diqqət yetirilir, əsasən innovasiyayönümlü beynəlxalq layihələr uğurla icra olunur. Humanitar və ictimai elmlər sahələrində də aparılan çoxistiqamətli elmi-tədqiqat işlərindən, perspektivli layihələrdən bəhs edən İ.Həbibbəyli müxtəlif profilli elmi araşdırmaların böyük önəm kəsb etdiyini bildirərək beynəlxalq elmi əlaqələrin inkişafından danışıb. O, AMEA ilə Türkiyənin Dokuz Eylül Universiteti arasında imzalanan müqavilənin iki dost və qardaş ölkənin elmi əməkdaşlığının daha da genişləndirilməsində böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Dokuz Eylül Universitetinin rektoru, professor N.Hotar Azərbaycan-Türkiyə elmi əməkdaşlığının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının inkişaf tarixindən, ali təhsil və elmi araşdırmalar sahəsində qazandıqları nailiyyətlərdən ətraflı bəhs edib. İki qardaş xalqın elm və ali təhsil qurumları arasında əlaqələrin daim inkişaf etdiyini xatırladan rektor bundan sonra da genişləndiriləcək əməkdaşlığın perspektivlərindən söhbət açıb. N.Hotar iki qurum arasında imzalanan əməkdaşlıq müqaviləsinin mühüm dəyər daşıdığını diqqətə çatdırıb.
Sonra AMEA ilə Dokuz Eylül Universiteti arasında qarşılıqlı elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni İ.Həbibbəyli və N.Hotar imzalayıblar. Əməkdaşlıq müqaviləsində iki ölkənin elm və təhsil qurumları arasında xüsusi əhəmiyyət kəsb edən bir sıra məsələlərin həyata keçirilməsi nəzərdə tutulur.

AMEA ilə Türkiyənin Dokuz Eylül Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Tehsil-press.az

Oxşar xəbərlər