AZƏRBAYCANIN QEYRƏT QALASI - SƏDƏRƏK

AZƏRBAYCANIN QEYRƏT QALASI - SƏDƏRƏK …YOLUMUZ SƏDƏRƏK RAYONUNADIR

Sədərək təkcə Muxtar Respublikanın deyil, ümumilikdə, Azərbaycanın həyatında mühüm rol oynayan rayondur. Bütün çətinliklərə baxmayaraq, sədərəklilər düşmənlə vuruşmuş, torpaqlarını göz bəbəkləri kimi qorumuşlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2002-ci ildə Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Heydərabad qəsəbəsində Sədərək rayon ictimaiyyəti ilə görüşündə demişdir: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək Azərbaycanın ən kənar yerində, sərhəddə Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir”.
Heydərabad qəsəbəsindəyik. Ən müasir üslubda tikilmiş ikimərtəbəli yaşayış binaları diqqəti daha çox cəlb edir. Buradakı səliqə-sahman, geniş və abad yollar rayona ayaq basan hər kəsin diqqətini çəkir. Qəsəbədəki binaların hər birindən düşmən mövqeləri açıq-aydın görünür. Lakin rayon sakinləri buna əhəmiyyət vermədən öz qaynar həyatlarını yaşayırlar. Uşaqlar onlar üçünayrılmış meydançada oynayır. Parkda, abad və geniş küçələrdə onlarla adamla görüşmək mümkün idi. Müxtəlif markalı şəxsi avtomobillərin hərəkəti də qaynar həyatdan soraq verirdi.

AZƏRBAYCANIN QEYRƏT QALASI - SƏDƏRƏK

2019-cu ilin ötən dövründə Sədərəkdə müvafiq kateqoriyalı insanlara yeni mənzillərin, minik avtomobillərinin, habelə, sanatoriya və pansionatlara göndəriş verilməsi, bərpa mərkəzlərində müalicəsi dövlət qayğısının daha bir ifadəsidir.
Mənzillərin verilməsi zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri təbrik etmiş, onlara rahat və firavan həyat arzulamış, mənzillərin orderlərini şəxsən özü təqdim etmişdir.
Mənzillə təmin olunan şəhid anası Dilbər Hüseynova, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən Qəzənfər Həmzəyev, Azərbaycan Vətən Müharibəsi ­veteranları Rəhim Salmanov və Ramazan Adnayevlə görüşüb söhbət edirik. Onlar dövlətin bu diqqət və qayğısına görə ölkə rəhbərinə, Muxtar Respublikanın rəhbərinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Şəhid anası Dilbər xanımın söhbətindən:
– Biz indi rahat mənzillərdə yaşayırıq. Bu dövlətimizin bizə göstərdiyi diqqətdir, qayğıdır. Sağ olsunlar, övladımın 15 yaşı var idi, minaya düşdü, həyatını itirdi. Torpaq uğrunda şəhid oldu. Bizə hər cürə kömək göstərilir. İndi düşmən səngəri ilə üzbəüzəyik, qorxmuruq, nə əsgərlərimiz qorxur, nə də biz. Onlar bizə, biz onlara arxayınıq. Burada yaradılan şərait düşmənə bir göz qağıdır. Sağ olsun dövlətimiz, Muxtar Respublika rəhbəri.
Hər biri 3 otaqdan ibarət olan mənzillər tam təmir olunmuş, istilik sistemi quraşdırılmışdır.
Azərbaycan Vətən Müharibəsi veteranları Ramazan Adnayevin və Rəhim Salmanovun ailə üzvləri – Mahirə Adnayeva və Güllü Salmanova da öz ürək sözlərini, arzularını dilə gətirdi.
– Mahirə Adnayeva:
– “Dünyanın heç bir ölkəsində müharibə veteranlarına, şəhid ailələrinə Azərbaycanda olduğu qədər qayğı göstərilmir. Həyat yoldaşım Ramazan Adnayevə bir neçə il bundan əvvəl avtomobil təqdim olunub. Bu gün isə mənzil sahibi olduq. Dövlətin qayğısı bizi daha da ruhlandırır.
Onu da qeyd edək ki, Sədərək rayonunun yaranması və inkişafı da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq sərhəd yaşayış məntəqəsinin inkişafını diqqətdə saxladığı kimi, 1990-1993-cü illərdə Sədərəkdə işğaldan qorunmuşdur. Milli Qurtuluşdan başlanan yol müstə­qillik ­illərində rayonu müasir yaşayış məntəqəsinə çevirmişdir. Bu gün Heydər Əliyev siyasi xəttinə sədaqət Sədərək rayonunda davamlı inkişafı təmin etmiş, Heydərabad ­qəsəbəsində və kəndlərdə quruculuq işlərinin miqyası genişlənmiş, məskunlaşma ­artmışdır.

AZƏRBAYCANIN QEYRƏT QALASI - SƏDƏRƏK

Qeyd edək ki, Sədərəkdəki 48 mənzilli yeni yaşayış binasının ilk sakinləri də məhz dövlət qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş vətəndaşlar olmuşlar. Həmin şəxslərin mənzillərlə təmin olunması həm də dövlətin bu kateqoriyadan olan insanlara qayğısının təzahürüdür. Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş, sağlamlığını itirmiş şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Dövlətçilik yolunda öz xidməti borclarını layiqincə yerinə yetirmiş şəxslərə göstərilən qayğı, eyni zamanda digər vətəndaşlar üçün də nümunədir.
Naxçıvan MR Ali Məclisin Sədri Vasif Talıbov çıxışların birində demişdir: “Ötən dövrdə həyata keçirilən tədbirlər rayonun simasını tamamilə dəyişmiş, Sədərək müasir və abad yaşayış məntəqəsinə çevrilmişdir. Sədərək rayonunun inkişafına, abadlaşmasına bundan sonra da diqqət yetirilməlidir. Yaşayış binasının tikilməsində məqsəd də ondan ibarət idi ki, həm ailələr rahat yaşasın, həm də Sədərəyin bərəkətli torpaqları qorunub gələcək nəsillərə çatdırılsın”.
Naxçıvanlılar müasir inkişafa mühüm əhəmiyyət verməklə yanaşı, həm də adət-ənənələrinə son dərəcə bağlıdırlar. Səfərim boyunca mənə bələdçilik edən həmkarımla Əshabi-Kəhfə yollanıram. Rəvayətə görə, vaxtilə yeddi kimsənin yatdığı bu mağaradakı damcıxanada niyyət edilir. Əgər üzərinizə su damcısı düşərsə, demək, niyyətin qəbul olunur. Burada ziyarətçilərlə söhbət zamanı onu da öyrənim ki, vaxtı ilə bura elə də rahat olmayıb; ziyarətgaha gələnlər arzuladığı məkana çox çətinliklə qalxa bilirmiş. Hazırda Muxtar Respublikanın rəhbərinin qayğı və diqqəti sayəsində burada böyük önəmli işlər görülüb, səliqə-səhman yaradılıb. İnsanlar rahatlıqla öz ziyarətlərini edə bilirlər. Demək olar ki, burada tam səliqə-səhman, qayda-qanun özünü göstərir…
Abad yolları, küçələri, gözoxşayan binaları, bağları, parkları ilə müasir, cavan, eyni zamanda, ötən minilliklərdən xəbər verən memarlıq inciləri ilə qədim, ulu Naxçıvana gəlişimə görə mənə şərait yaradanlara min dəfə minnətdarlıq etsəm belə, yenə azdır. Vətənimin bu dilbər guşəsinin hər qarışı mənə doğmadır, əzizdir…

AZƏRBAYCANIN QEYRƏT QALASI - SƏDƏRƏK

İnsanları qonaqpərvər, çox mehriban olduğundan, özünü öz evindəki kimi rahat hiss edirsən. Hər yan sənə doğma gəlir, sanki burada doğulub böyümüsən, illərdi burada yaşayırsan…
Bu gün Naxçıvanda aparılan quruculuq, abadlıq işlərində, iqtisadiyyatda, mədəni həyatda, insanların güzəranlarında baş verən dəyişikliklərin kökündə, mən deyərdim ki, Heydər Əliyev yoluna, siyasi və nəzəri irsinə sədaqət dayanırsa, ikinci tərəfdən isə düzgün idarəetmə, təşkilatçılıq dayanır.
Naxçıvanda 24 ildir ki, ekololji saflıq, zənginlik şəhər, qəsəbə, kəndlərdə aparılan quruculuq işləri elə də asan başa gəlməyib. İllərin çox ağır zəhməti, əzab-əziyyəti bahasına başa gəlib…
Qədim şərq mütəfəkkirlərinin belə bir kəlamı var: “Müdriklik təbiətlə həmahəng idarəetmədədir”. Təbiətin, ekologiyanın zənginliyi sudan başlanır. Əgər bu yoxdursa, gülzarlıq da tezliklə səhraya dönəcək.
Bu gün böyük fəxr və iftixarla demək olar ki, neçə-neçə nəhəng su hövzələrinin yaradılması, yeraltı suların insanların istifadəsinə verilməsi sayəsində Naxçıvan sözün əsl mənasında bolluq, bərəkət diyarına çevrilmişdir. Ona görə ki, su vardır, torpaq vardır, zəhmətkeş insan əli vardır. Bu gün təkcə Naxçıvan kəndlisi deyil, Muxtar Respublikada bütün idarə və təşkilatların kollektivləri ekoloji zənginlik yaradır, bağ-bağça salır, bar ağacları əkir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri çıxışlarının birində demişdir: “Bizim imkanlarımız əldə ediklərimizdən qat-qat çoxdur. Bir halda ki, belə bir potensial var, niyə bu imkan əldən verilsin?”
Bəli, 24 ildir ki, belə bir istiqamət, belə bir dəst-xətt götürülüb: “muxtar respublika əhalisinin öz yerli məhsullarımızla təmin edək”. Elə bu istiqamətin ardıcıllıqla həyata keçirilməsinin nəticəsidir ki, bu gün muxtar respublikanın bütün dükan-bazarları yerli məhsullarla doludur. Bu yolla həm torpaqlar məhsuldar əkin dövriyyəsinə daxil edilir, keyfiyyətli, sağlam məhsullar yetişdirilir, həm də əhalinin məşğulluğu yüksəlir, ən başlıcası isə doğma torpağa, elə-obaya, Vətənə xidmətin canlı nümunəsi hamıya örnək olur. Bir faktı qeyd etmək yerinə düşər. Son 24 ildə muxtar respublikada yüz minlərlə ağac əkilib. Əksəriyyəti də meyvə tingləridir. Meşə ehtiyatları 2 dəfədən çox artırılıb. Yaşıllaşdırma tədbirlərində iqtisadi tərəfdən də əhəmiyyətli olan 500 hektardan artıq ərik, badam, şaftalı, qoz bağları salınıb. Bu ağacların da meyvələrindən insanlar sərbəst istifadə edirlər. Hərbçilərimizə meyvə göndərirlər.
Culfa rayonunun Əbrəqunus kəndində olduq. Bu kənd bütün parametrlərinə görə ən müasir tələblərə cavab verir. Kənddə yaradılan səliqə- səhman, tikilən infrastruktur binaları funksionallığı və səliqəliliyi ilə bizi heyran etdi.

AZƏRBAYCANIN QEYRƏT QALASI - SƏDƏRƏK

Muxtar respublikanın bütün rayonlarında sosial-iqtisadi inkişaf ona yönəldilib ki, əldə olunan gəlirlər hər bir vətəndaşımızın həyat şəraitinin yüksəldilməsinə sərf olunsun, məktəblər tikilsin, səhiyyə, sağlamlıq, mədəniyyət ocaqları yaradılsın. Bölgənin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən bütün tədbirlər bu məqsədə xidmət edir.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bəli, bu gün fəxrlə, qürur hissi ilə deyə bilərik ki, dahi rəhbərin arzu və istəkləri naxçıvanlılar tərəfindən sonsuz məhəbbətlə həyata keçirilir. Bu gün muxtar respublikanın hər bir sakini – fəhləsi, kəndlisi, alimi, ziyalısı, qocası-cavanı qazanılan uğurlarla fəxr edir, vətəndaşlıq qüruru duyur, bütün bu quruculuq tədbirlərini ulu öndər Heydər Əliyev ideyalarının, arzularının Naxçıvan Muxtar Respublikasında çiçək açması kimi qiymələndirir.
Dahi rəhbər 1999-cu ilin oıktoyabr ayının 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisdəki görüşü zamanı onu da demişdir ki: “mən məmnuniyyətlə demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bilirdim. Amma o, çox gənc idi. Daxilən bir az fikirləşirdim ki, gəncliyinə görə bəlkə də ağır, çətin olar. Ancaq o, sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər də görə bilər”.
Onu da qeyd edim ki, Muxtar Respublikada gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin qiymətləndirilməsi, onların fəxri adlarla, qiymətli hədiyyələrlə mükafatlandırılması gənclərinin öz üzərlərində daha səylə çalışmalarına böyük stimul verir.
Belə gənclərimizdən biri həmkarım məni tanış edir: – Siyavuş Bağırov – Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin onuncu sinif şagirdidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamına əsasən onun adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınıb.
Siyavuşla həmsöhbət oluram. Çox şən görünür. Deyəsən zəhmətinin qiymətləndirilməsi, şagird yoldaşlarından fərqlənmək onu çox sevindirir. Odur ki, dostları da Siyavuşa oxşamaq istəyir ki, onlar da əlaçı olsunlar. Ətrafımdakı dostlarımın da təhsilə olan sevgisi artıb. Onlar da yaxşı oxumağa, biliklərə yiyələnməyə çalışırlar. Çünki görürlər ki, təhsilli olmaq hər zaman, hər yerdə böyük nailiyyətlər əldə etməyə kömək edir. Bu gün yaşadığım sevinci sözlə ifadə etmək çox çətindir. Mənə və mənim kimi yüzlərlə şagirdə göstərilən qayğıya görə bu şəraiti bizə yaradanlara minnətdaram deyir.

AZƏRBAYCANIN QEYRƏT QALASI - SƏDƏRƏK

Bəli, bütün bunlar nəyin hesabına əldə olunmuşdur? Böyük dövlət xadimi Heydər Əliyev siyasətinin, Heydər Əliyev yolunun davam etdirilməsi hesabına. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu amili yüksək qiymətləndirərək demişdir: “Mən çox məmnunam ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi, Vasif Talıbov Heydər Əliyev siyasətini burada uğurla icra edir, onu davam etdirir və şübhəsiz, bu da Naxçıvanın möhkəmlənməsinə öz töhfəsini verir”.
Fürsətdən istifadə edib, Naxçıvan Dövlət Televiziyası tərəfindən hazırlanan telemateriallarla da tanış oldum. Səmimi etiraf edim ki, televiziyanın yüksək texniki imkanlarına, materialların professional çəkiliş səviyyəsinə heyran qaldım. Gördüm ki, Naxçıvanda peşəkar jurnalist ordusu formalaşıb. Tanış olduğum naxçıvanlı jurnalistlərin Muxtar Respublikanı necə sevdiyini, yaşadıqları torpağın nəinki Azərbaycanda, dünyada təbliğatı üçün necə canla-başla işlədiklərinin şahidi oldum.

AZƏRBAYCANIN QEYRƏT QALASI - SƏDƏRƏK

Deyirlər, müstəqilliyə yenicə qovuşan ölkələr dənizlərə yenicə buraxılmış gəmilərə bənzəyir. Ümid onu sualtı qayalardan xilas edib mənzil başına aparan kapitanlaradır. Doğma Azərbaycanımızın ayrılmaz hissəsi olan Naxçıvandan xoş müjdəli, ümid dolu bir təəssüratla ayrıldım: Muxtar Respublikanın xoşbəxt gələcəyinə böyük ümidlər bəsləyirəm…

Əkbər Hüseynzadə
Tehsil-press.az Informasiya Agentliyinin
rəhbəri

Oxşar xəbərlər