Təhsil naziri müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərən namizədlərlə görüşüb

Təhsil naziri müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərən namizədlərlə görüşüb İyulun 24-də Təhsil naziri Ceyhun Bayramov müəllimlərin işə qəbulu üzrə imtahan prosesini izləyib.
Təhsil nazirinə imtahan prosesi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 min 204 namizəd iştirak hüququ qazanıb. İmtahanlarda 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb.
Sonra Təhsil naziri Ceyhun Bayramov müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərən namizədlərlə görüşüb.
Görüşdə nazir Ceyhun Bayramov ölkəmizdə elm və təhsilin inkişafına böyük diqqət və qayğı göstərildiyini söyləyib, Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını diqqətə çatdırıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərdən birinin məhz müəllim amili olduğunu deyən nazir bu istiqamətdə görülən işlərdən, reallaşdırılan tədbirlərdən ətraflı söz açıb. Ceyhun Bayramov həyata keçirilən işlərin nəticəsi olaraq müəllim peşəsinin nüfuzunun əhəmiyyətli şəkildə artdığını, son illər təhsil müəssisələrində daha bilikli, peşəkar müəllimlərin fəaliyyət göstərdiklərini qeyd edib. Müəllimlərin işə qəbulu ilə bağlı bir sıra statistik məlumatları diqqətə çatdıran Ceyhun Bayramov ötən il 12 mindən çox şəxsin müəllimliyə qəbul edildiyini və bunun son illər ərzində ən böyük göstərici olduğunu deyib.
Təhsil naziri bildirib ki, bu il 55 minə yaxın şəxsin qeydiyyatdan keçərək müəllim olmaq üçün müraciət etməsi bu prosesin obyektiv və şəffaf keçirilməsinə olan etimaddan xəbər verir. Təhsil naziri gənclərin ixtisas seçərkən müəllimlik peşəsinə üstünlük verdiklərini, 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul olunanların göstəricilərinin kifayət qədər artdığını deyib. Həmçinin Azərbaycanın təhsil tarixində ilk dəfə 2090 abituriyentin 500 və daha yuxarı bal toplayaraq məhz müəllimlik ixtisasını seçməsini diqqətə çatdırıb.
Ceyhun Bayramov müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlərin içərisindən ən layiqli, bilikli namizədlərin müəllim kimi ümumi təhsil müəssisələrində fəaliyyət göstərməsini son nəticədə Azərbaycan təhsilinin inkişafında, onun keyfiyyət göstəricilərinin artmasında mühüm rol oynadığını bildirib.
Yüksək bal toplayan müəllimliyə namizədlər çıxış edərək müsabiqənin tam şəffaf və obyektiv şəkildə keçirildiyini deyib, onlara belə bir şərait yaradıldığına görə Təhsil Nazirliyinə təşəkkür ediblər. Çıxış edənlər müəllim kimi işləmək hüququ qazandıqları təqdirdə onlara olan bu yüksək etimadı layiqincə doğruldacaqlarını söyləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər