"DQR" generallarının qərarı: "Paşinyanı devirəcəyik!"

Yerevanda küçə döyüşləri bunun baş verəcəyini subut edir
Son günlər Ermənistanın mövcud hakimiyyəti ilə "DQR" arasındakı gərginlik durmadan artmaqdadır. Xüsusilə də, Robert Koçaryanın azadlığa buraxılmasından başlayan proses, əslən Qarabağdan olan erməni hərbi-siyasi dairələrinin Nikol Paşinyan iqtidarına qarşı hücum mövqelərini güncələndirməkdədir. O da, sirr deyil ki, bu gün Ermənistan olqarxiyasının tərkib hissəsi də qarabağlı ermənilərdən ibarətdir. Bu xüsusda, onların tez-tez "DQR"ə səfər edib, müəyyən planlarla geri dönmələri artıq qiyamın astanada olduğunu sübuta yetirir. Hətta bir sıra məqamlarda silahlı qiyamın olacağı da istisna edilmir.
Oliqarxların Paşinyana qarşı sui-qəsd planı
Ermənistanda nəşr edilən "Jamanak" ("Zaman") qəzeti daxili mənbələrinə istinadən yazır ki, "DQR" generalitetinin tanınmış təmsilçiləri və Ermənistanın qarabağlı oliqarxları ölkənin baş naziri N.Paşinyanın vəzifəsindən güc yolu ilə devirilməsi məqsədini daşıyan sui-qəsd planını uzun müzakirələrdən sonra qəbul ediblər.
"Novosti Armeniya" qəzeti isə yazır ki, sui-qəsd planının müzakirəsi və qəbulu "Oqanovski" kimi tanınan "DQR"-in "müdafiə nazirinin" keçmiş "müavini" Samvel Karapetyan tərəfindən təşkil edilib. Gizli görüş Ermənistanın ictimai-siyasi səhnəsində də yer alan tanınmış oliqarxlarından birinin malikanəsində kerçirilib. Gizli görüşdə Ermənistan parlamentində deputat olmuş məşhur biznesmen Samvel Aleksanyan da iştirak edib. "Onlar Nikol Paşinyan hökumətini devirmək üçün hər şeyi etməyə söz veriblər" deyə adıçəkilən erməni nəşri qeyd edib.
Beləliklə, mətbuatda gedən sui-qəsd və çevriliş planı Ermənistan ictimaiyyətində təlaşlanma və çalxalanma yaradıb. Ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan respublika hakimiyyətində mümkün sui-qəsd haqqında narahatlıqların olduğunu dilə gətirib. Lakin buna baxmayaraq, Qriqoryan əlavə edib ki, bu haqda çox açıq danışmaq olmaz və həmin istiqamətdə işləri müvafiq güc strukturları aparmalıdırlar.
Adıçəkilən şəxs, istisna etməyib ki, "DQR" generalları və Ermənistanın qarabağlı oliqarxaiyasının qiyamçıları, planlarını qəbul etməmişdən öncə, müəyyən xarici güclərlə məsləhətləşiblər. Düzdür, TŞ-nın katibi, birbaşa olmasa da, dolayı yolla burada Rusiya kəşfiyyatının əlinin olduğuna da işarə edib. Daha dəqiq desək, jurnalistlərin "Sui-qəsdlə məşğul olanlar xarici, yoxsa daxili qüvvələrdir" sualına cavabında Qriqoryan bildirib ki, "onlar müəyyən dərəcədə bir-birilərinə bağlıdırlar".
Paşinyanın anti-Rusiya çağırışlarını Kreml unutmur
Xatırladaq ki, hələ ötən il N.Paşinyan "məxməri inqilab" edərək, küçələrə insan toplayarkən, "DQR"in "prezidenti" Bako Saakyan Ermənistanın o zamankı prezidenti, Qarabağ klanının aparıcı fiquru Serj Sarkisyanın təlimatları əsasında Moskvaya bir neçə dəfə səfər etmişdi. Paşinyanın anti-Rusiya çağırışları Kremli qəzəbləndirdiyi üçün, Rusiyanın müəyyən hərbi-siyasi dairələri var gücləri ilə Qarabağ klanına dəstək göstərməyə çalışırdı. Lakin həmin ərəfələrdə Qərb Rusiyadan üstün oldu və Ermənistanda siyasi çevriliş baş verdi.
İndi isə, revanş zamanının çatdığını düşünən Qarabağ erməniləri sözügedən planlarını icra etmək qərarına gələrək, həm də Rusiyanın tövsiyələri əsasında hərəkətə keçməyə başlayıblar.
Erməni baş nazir sui-qəsd niyyətlərinin qarşısını almaq üçün ən sərt tədbirlər görəcəyini bəyan etsə də, hələ də nə edəcəyini bilmir. Düzdür, Paşinyan bu bəyanatını səsləndirsə də, mövcud vəziyyətin onun, ümumilikdə isə, Ermənistanın xeyrinə olmadığı göz önündədir. Bəlkə də, erməni baş naziri eyham vurub ki, nəyin bahasına olursa-olsun, o öz hakimiyyətinin devrilməsinə cəhd göstərənlərə qarşı amansız davranacaq. Ancaq "DQR" generallarının arxasında Kremlin müəyyən dairələrinin dayandığını düşünsək, vəziyyətin get-gedə daha da dərinləşəcəyini, silahlı qarşıdurmaların yaşanacağını, hətta Yerevanda küçə döyüşlərinin baş verəcəyini istisna etmək olmaz.
Beləliklə, fakt budur ki, artıq ox yaydan çıxıb və Nikol Paşinyan tərəfə istiqamət götürüb.

Rövşən RƏSULOV

Oxşar xəbərlər