“Azərbaycandan Türkiyəyə viza tətbiqində əhəmiyyətli addım atıldı”

“Azərbaycandan Türkiyəyə viza tətbiqində əhəmiyyətli addım atıldı” Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasya) İdarə Heyətinin sədri Hikmet Eren Azərbaycan hökumətinin Türkiyə vətəndaşları üçün viza tətbiqini aradan qaldırmasına münasibət bildirib.
O bildirib ki, viza tətbiqinin ləğvi ilə hər iki ölkənin güclü olan əlaqələri daha da güclənəcək.
“Tariximizin təməlində yüksələn qardaşlığımız, ən üst səviyyədə nümayiş olunan birlik və bərabərliyimizin olduğu dost Azərbaycandan Türkiyəyə viza tətbiqində əhəmiyyətli addım atıldı. Buna görə 1 sentyabr 2019-cu il tarixindən etibarən Türkiyədən Azərbaycana ən çox 30 günlük vizasız səyahət başlanılacaq.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın danışıqları nəticəsində iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıqla bərabər, xalqların sərbəst gediş-gəlişinin davamlılığı üçün Azərbaycan XİN viza şərtinin ləğvi ilə əlaqədar Türkiyə XİN-ə nota göndərib”.
Erenin sözlərinə görə, bu qərar nəticəsində hər iki ölkə iqtisadiyyat sahəsində gəlir əldə edəcək:
“İki ölkə arasında turizm onsuz da öncədən mövcud idi. Azərbaycandan önəmli sayda turist ölkəmizə səfər edirdi. Eyni vəziyyəti Türkiyə üçün söyləmək təəssüf ki, mümkün deyildi. Türkiyədən daha çox fərdi şəxslər qardaş ölkəyə gedirdilər. Vizasız səyahətin başlaması ilə vətəndaşlarımızın, xüsusilə də turizm firmalarının da bu vəziyyətdən müsbət şəkildə faydalanacağına inanırıq”.
Vizasız səyahət tətbiqi ilə ölkələr arasında qardaşlıq və dostluq münasibətlərinin daha da möhkəmlənəcəyini qeyd edən Hikmət Eren sözlərinə belə davam edib: “Bu vəziyyət bizə “tək millət, iki dövlət” sözünü hayqıraraq söyləmənin qürurunu bir daha yaşadacaq”.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan etibarən Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər. Bugünə qədər Azərbaycan vətəndaşları Türkiyəyə vizasız səfər etsələr də, Türkiyə vətəndaşlarından ölkəmizə səfər üçün viza tələb olunurdu.

Tehsil-press.az

Oxşar xəbərlər