Çinin Honkonq xüsusi inzibati bölgəsində iyun ayından bəri keçirilmiş qanunsuz etiraz aksiyalarında ümumilikdə 179 polis əməkdaşı müxtəlif dərəcədə xəsarət alıb. Honkonq polisinin məsələ ilə əlaqədar yaydığı bəyanatda şəhər sakinləri qanunsuz aksiyalara qoşulmamaq barədə xəbərdar edilib. Sakinlərin fikirlərini dinc yolla ifadə etməyə dəvət olunduğu bəyanatda qeyd olunur ki, son aylar Honkonqda təşkil olunmuş aksiyaların 95 faizinə polis razılıq verməyib. Son etiraz aksiyaları Honkonq cəmiyyətinə, sahibkarların fəaliyyətinə, camaatın gündəlik yaşayışına zərər yetirdi. Biz sakinlərin narahatlıqlarını ifadəetmə haqqına hörmət edirik, amma öz hüquq və azadlıqlarından istifadə edərkən digərlərinin hüquqlarını da nəzərə almalısan", - deyə bəyanatda vurğulanır. Bildirilib ki, Honkonq polisi heç bir zorakılıq aktına dözümlülük nümayiş etdirməyəcək. Qeyd edək ki, son aylar Honkonqda ekstradisiya haqqında qanuna təklif olunan düzəlişə etiraz olaraq aksiyalar keçirilir. Aksiya iştirakçıları Honkonq ərazisində olan və cinayət törətməkdə şübhəli bilinən şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinin materik hissəsinə və ekstradisiyaya dair sazişin olmadığı ölkələrə göndərilməsini nəzərdə tutan qanun layihəsinin ləğvini, habelə aksiyaların dağıdılmasında iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəzalandırılmasını tələb edirlər. Aksiyaların gedişində dəfələrlə polis ilə etirazçılar arasında qarşıdurma yaranıb, xəsarət alanlar olub. Polis qanunsuz aksiyaları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur qalıb.
Tehsil-press.az
Tehsil-press.az