Dövlət Dəniz Akademiyasında “Açıq qapı” günü

Dövlət Dəniz Akademiyasında “Açıq qapı” günü “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) bu il qəbul olan tələbələr və onların valideynləri ilə görüş - “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günündə Gəmiçilik, Azərbaycan Dövlət Dəniz Akademiyası və Bakı Gəmiqayırma Zavodunun rəhbərliyi, əməkdaşları iştirak ediblər.
Akademiyanın rektoru Heydər Əsədov builki tələbə qəbulunun yekunları, ADDA-da tədrisin təşkili, tələbələr üçün yaradılan şərait barədə məlumat verib. Bildirib ki, ADDA-ya yüksək balla qəbul olanların sayında bu il də xeyli artım var. Belə ki, tələbə adını qazananların böyük əksəriyyəti 300-dən çox bal toplayıb.
Rektor qeyd edib ki, akademiyanın diplomu 170-dən çox ölkədə tanınır və regionda dənizçi kadrları hazırlayan yeganə ali təhsil müəssisəsidir. Burada tədris prosesi beynəlxalq standartlara uyğun, şəffaflıq prinsipi ilə həyata keçirilir.
H.Əsədov əlavə edib ki, ADDA-da tələbələr pulsuz dərs vəsaitləri, yataqxana, geyim forması və gündə iki dəfə isti yeməklə təmin olunurlar.
ASCO-nun sədr müavini Nəzrəddin Əhmədzadə bildirib ki, qarşıda duran mühüm strateji hədəflərdən biri də güclü kadr potensialının formalaşdırılmasıdır: “Bu səbəbdən Dövlət Dəniz Akademiyasının tələbələrindən gözləntilərimiz çoxdur. Burada tələbələrin təhsilə maraqlarını artırmaq, onların peşəkar dənizçi kimi yetişmələrinə dəstək olmaq üçün hər cür şərait yaradılıb”.
N.Əhmədzadə ADDA-nın məzunlarının dünyanın hər yerində işləmək imkanlarının olduğunu da deyib: “Əminəm ki, gələcəyin peşəkar kadrları kimi siz Azərbaycanın mövcud dənizçilik imkanlarını daha da irəliyə apara biləcəksiniz. Bütün dövrlərdə nüfuzlu peşə sayılan dənizçi adına layiq olacaqsınız”.
Daha sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyəti barədə hazırlanan filmi nümayiş olunub. Filmdən sonra ADDA-ya yüksək balla daxil olan 2 tələbə bileti və ASCO-nun rəhbərliyi adından hədiyyələr təqdim olunub.
Bu il 644 balla akademiyaya qəbul olan Namiq Həsən görüş iştirakçıları ilə sevincini bölüşüb: “Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alacağımdan qürur hissi duyuram. Valideynlərimin və müəllimlərimin etimadını doğrultmağa çalışacam”.
Tədbirdə 2018-ci ildə akademiyanı 9 tələbənin fərqlənmə diplomu ilə bitirdiyi qeyd edilib. Onlardan 4-nə ADDA-nın fərqlənmə diplomu təqdim olunub.
Sonra tələbələr və valideynlər onları maraqlandıran suallar və məsələlərlə bağlı rəhbər şəxslərə müraciət ediblər.

ADDA-nın Mətbuat Xidməti


Dövlət Dəniz Akademiyasında “Açıq qapı” günü

Dövlət Dəniz Akademiyasında “Açıq qapı” günü

Oxşar xəbərlər