ADPU-da “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

ADPU-da “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib Noyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev, Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Dövlət Komissiyasının İşçi Qrupu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair Milli İnformasiya sektorunun müdiri Rafiq Allahverdiyev, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin böyük məsləhətçisi Könül Əfəndiyeva, Səbail Rayon İcra Hakimiyyətinin, Polis İdarəsinin və Rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, Səhiyyə Nazirliyinin əməkdaşları, rayonda fəaliyyət göstərən bir sıra ictimai birliklərin rəhbərləri, mətbuat nümayəndələri, pedaqoji işçilər və universitetin tələbələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı, bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir. Ölkəmizdə narkomaniyaya qarşı mübarizə işinin ulu öndər Heydər Əliyev tərəfindən 26 avqust 1996-cı ildə "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” imzaladığı Fərmana əsasən geniş start götürdüyünü və bu gün də uğurla həyata keçirildiyini qeyd edib. O, Ümummilli Liderin söylədiyi "Narkomaniya və narkobiznes ilə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuru sağlamlığı uğrunda aparılan mübarizədir” kimi dəyərli fikirə bu gün də xüsusi önəm verildiyini və dövlətimizin bu sahədə gördüyü işləri vurğulayıb. Bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox vacibdir. Eldar Ağayev aparılan narkomaniya probleminə qarşı mübarizə tədbirlərindən danışıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov çıxış edərək bugünkü tədbirin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bu cür tədbirləri təşkil etməkdə məqsəd narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr haqqında məlumat və tövsiyələr vermək, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparmaqdır. T.Aydınov bildirib ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icra vəziyyətini öyrənmək, zərurət yaranarsa bu sahədə əməli köməklik göstərmək, qeyd olunan sahədə mübarizə tədbirlərinin aparılmasında insanları məlumatlandırmaq, narkotik vasitələrin törətdiyi fəsadlar haqqında maarifləndirici fikir mübadiləsi aparmaqdır. Dövlət Proqramına uyğun olaraq bu sahə ilə bağlı görülən tədbirlərin bundan sonra da uğurla yerinə yetirilməsinin zəruriliyini vurğulayıb.
Dövlət Komissiyasının İşçi Qrupu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair Milli İnformasiya sektorunun müdiri Rafiq Allahverdiyev çıxışında tələbələrə narkomaniya haqqında məlumat verərək, onun insan orqanizminə böyük zərərindən danışıb və bildirib ki, narkomaniya insanın həyatını məhv edir. Narkotik maddələrdən asılılıq insanın ailəyə, cəmiyyətə bağlılığını azaldır və nəticədə onu cəmiyyət üçün faydasız fərdə çevirir. Cəmiyyətlə şəxsiyyət arasındakı əlaqənin pozulması təkcə onun özünə deyil, həm də ətrafına mənfi təsir göstərir. Belə gənclər öz yaxınlarını da narkotik maddələrinin istifadəçisinə çevirirlər. Buna görə də gənclər narkomaniyanın nə qədər zərərli, təhlükəli olduğunu bilməlidirlər.
Daha sonra Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin böyük məsləhətçisi Könül Əfəndiyeva, Səbail Rayon Polis İdarəsinin rəis müavini Orxan Axundzadə və Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev çıxışlar edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açaraq narkotik vasitələr və onun törətdiyi fəsadlar barədə tədbir iştirakçılarına geniş və ətraflı məlumat veriblər. Qeyd ediblər ki, müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb. Cəmiyyətin bu bəladan qurtulması üçün yeniyetmə və gənclərə zərərli vərdişlərin fəsadları haqqında mütəmadi məlumat verilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev çıxış edərək narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat xarakterli görüşlərin keçirilməsinin vacibliyini bildirib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

ADPU-da “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

ADPU-da “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

ADPU-da “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Oxşar xəbərlər