Bakıda Universitetlərarası Birinci Kitabxana Forumu keçirilir

Bakıda Universitetlərarası Birinci Kitabxana Forumu keçirilir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Universitetlərarası Birinci Kitabxana Forumu işə başlayıb.
Respublikada ilk dəfə keçirilən bu tədbirdə Təhsil və Mədəniyyət nazirliklərinin nümayəndələri, ali məktəb rektorları, Milli Məclisin deputatları, aparıcı kitabxanaların rəhbərləri iştirak edirlər.
Forum çərçivəsində “Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. UNEC-in rektoru, professor Ədalət Muradov müasir təhsil sistemində klassik kitabxana modelinin artıq effekt vermədiyini bildirib. O, təhsilin keyfiyyətinin artırılması, qloballaşan dünyada kitabxanaların hər kəsə əlçatanlığının təmin edilməsi üçün universitet kitabxanalarının çağdaş, innovativ sistemlərlə ayaqlaşmasının zəruriliyini vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatları Ziyad Səmədzadə, Fazil Mustafa və Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov məruzə ilə çıxış ediblər.
Sonra UNEC-in 1 nömrəli Oxu zalının açılışı olub. Forum çərçivəsində geniş kitab sərgisi və endirimli kitab satış-yarmarkası da təşkil edilib.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər