
Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev milli mətbuat ənənələrinin öyrənilməsinin gənc jurnalistlərin yetişməsində mühüm rola malik olduğunu bildirib. Beynəlxalq konfrans çərçivəsində keçirilən bu dərs həm də Türkiyədən olan alimlərə milli mətbuat tariximiz haqqında geniş informasiya vermək baxımından böyük əhəmiyyətə malikdir.
Milli mətbuat tarixi kafedrasının dosenti Aygün Əzimova Azərbaycan mətbuat tarixinin zəngin irsindən danışıb. 1875-1920-ci illər ərzində fəaliyyət göstərən 50-yə yaxın anadilli mətbu orqanın milli mətbuatın inkişaf yolunun göstəricisi olduğunu deyib.
Daha sonra tələbələr - Elmira Ağayeva, Türkanə Məşədiyeva, Günel Verdiyeva, Aytən Atakişiyeva, Nəzrin Alıyeva, Nərgiz Orucova, Nəzakət Sadıqova, Türkan Kərimli, Rahidə Nağıyeva, Ayhan Ağarzayev və Mahmud Əskərli mətbuatımızın keçdiyi inkişaf yolu və tanınmış publisistlərin fəaliyyəti ilə bağlı təqdimatlarla çıxış ediblər.
Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli milli mətbuatımızın incilərini özündə əks etdirən belə tələbə tədqiqatlarının təqdim edildiyi dərsin yubiley ilinə ən böyük töhfələrdən olduğunu vurğulayıb. Bildirib ki, bu gün BDU-nun Jurnalistika fakültəsi yüksəkixtisaslı kadr hazırlığını həyata keçirən peşəkar jurnalist məktəbi rolunu oynayan əsas ali təhsil ocağıdır: “Fakültəmiz üzərinə düşən bu müqəddəs missiyanı yarım əsrdən çoxdur yerinə yetirir. Bu ənənə bundan sonra da davam etdiriləcək”.
Sonda qonaqlara fakültə tələbələrinin hazırladığı “Günəbaxan” jurnalı təqdim edilib.
Tehsil-press.az