ADU-da İtaliyanın Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

ADU-da İtaliyanın Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib Azərbaycan Dillər Universitetində (ADU) İtaliyanın Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə universitetin rektoru Tomaso Montanari, rektorun müşaviri professor Pietro Cataldi, CILS dil sertifikasiyası üzrə nümayəndə professor Sabrina Machetti, CILS-in Türkiyə üzrə nümayəndəsi professor Giovanni Amadori və İtaliyanın Azərbaycandakı səfirliyinin birinci katibi Marvin Seniga iştirak ediblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla nümayəndə heyətini salamlayaraq bir neçə gün əvvəl İtaliyanın Peruca Əcnəbilər Universitetinin rektoru ilə keçirilmiş görüş və imzalanmış sənədlər barədə məlumat verib. O, Siena Əcnəbilər Universiteti ilə də uğurlu əməkdaşlığın mümkünlüyünə inandığını bildirib.

Akademik Kamal Abdulla görüşdə özünün məşhur italyan yazıçısı və alim Umberto Eko ilə olan şəxsi tanışlığından bəhs edib. İtalyan nümayəndələr isə İkinci Dünya Müharibəsinin universitetə təsirindən və Siena Əcnəbilər Universitetinin tarixindən danışıblar. Universitetdə müxtəlif dillərin tədris olunmasını yüksək qiymətləndirərək, universiteti Umberto Ekonun ifadəsi ilə “görüş məntəqəsi” adlandırıblar və ali təhsil sahəsində görülən bu işlərin əsas məqsədinin sülhə xidmət etdiyini bildiriblər.

Tərəflər arasında keçirilən müzakirələr zamanı Siena Əcnəbilər Universitetinin digər ölkələrdəki şöbələri, Peruca Əcnəbilər Universiteti ilə əlaqələri, bu universitetlərlə olan oxşar və fərqli cəhətlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin ADU nəzdində yaradılmış CELİ dil sertifikasiya mərkəzinin fəaliyyəti və gələcək perspektivləri ətrafında müzakirələr aparılıb.

Akademik Kamal Abdulla universitetdə tədris olunan dillər, ADU-nun beynəlxalq QS reytinqində əldə etdiyi nailiyyətlər və universitetin Azərbaycanı beynəlxalq səviyyədə təmsil etməklə bağlı həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Görüş zamanı iki universitet arasında gələcək əməkdaşlıq imkanları, birgə elmi və tədris layihələri, tələbə və müəllim mübadiləsi proqramları müzakirə olunub.
Sonda akademik Kamal Abdulla görüşün xatirəsi olaraq Siena Əcnəbilər Universitetinin rektoru Tomaso Montanariyə İtaliyada nəşr olunmuş “Yarımçıq əlyazma” romanını hədiyyə edib.

Tehsil-press.az

Oxşar xəbərlər