Bakıda beynəlxalq fransız dili müəllimlərinin peşə günü qeyd olunub

Bakıda beynəlxalq fransız dili müəllimlərinin peşə günü qeyd olunub Beynəlxalq fransız dili müəllimlərinin peşə günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Fransanın Azərbaycandakı səfiri Zakari Qross çıxış edərək iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, fransız dilində 274 milyondan çox insan danışır. Məqsəd yaxın gələcəkdə bu dildə danışanların sayının daha da artırılması və bu dilin dünyanın ən çox danışılan üçüncü dilə çevrilməsidir.
Səfir deyib ki, Bakı Fransa Liseyi fransız dilinə güclü marağın olduğunu göstərir: “Biz Təhsil Nazirliyinin dəstəyi ilə 2020-ci ildə fransız dili üzrə ixtisaslaşmış siniflər açılmasına ümid edirik”.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva diqqətə çatdırıb ki, Azərbaycanda təhsilin inkişafı dövlətin əsas prioritetlərindəndir. Təhsil Nazirliyi müvafiq sahədə dünyanın qabaqcıl təcrübəsinin öyrənilməsinə önəm verir. Fransa ilə əməkdaşlıqda təhsil istiqaməti xüsusi yer tutur: “Ölkəmizdə fransız dili tədris olunan məktəblərin sayı 345-ə çatıb. Yeddi ali təhsil müəssisəsində fransız dili tədris olunur, Azərbaycan Dillər Universitetində Frankofoniya Mərkəzi fəaliyyət göstərir. Əllidən çox azərbaycanlı son beş ildə Fransa hökumətinin təqaüdü ilə bu ölkədə təhsil alıb”.
M.Vəliyeva iki ölkə arasında diplomların tanınması üzrə də əməkdaşlıq edildiyini vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova çıxış edərək iki ölkə arasında tarixən mövcud olan mədəni əlaqələrdən danışıb.
Daha sonra dörd müəllimə Akademik Palma mükafatı təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər