Mustafa Babanlı: Fransız–Azərbaycan Universiteti bizim üçün olduqca əhəmiyyətlidir

Mustafa Babanlı: Fransız–Azərbaycan Universiteti bizim üçün olduqca əhəmiyyətlidir Fransız–Azərbaycan Universiteti (UFAZ) təhsil əlaqələrimizin daha da genişləndirilməsinə və yeni layihələrə şərait yaradıb. UFAZ bizim üçün olduqca əhəmiyyətlidir. Bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində yeni əməkdaşlıqlara hər zaman hazırıq.
Bunu aprelin 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Frankofoniya Universitetləri Agentliyinin regional direktoru Mohamed Ketata ilə görüşündə deyib.
Görüşdə Azərbaycan ilə Fransa arasındakı təhsil və mədəni əlaqələrin tarixindən danışılıb, UFAZ-ın hər iki ölkənin təhsilini birləşdirən ən uğurlu layihələrdən olduğu vurğulanıb.
Mustafa Babanlı universitetdə ingilis dili ilə yanaşı, fransız dilində də tədrisin prioritet istiqamətlərdən olduğunu qonaqların diqqətinə çatdırıb. Bunun üçün müəllimlərin olduğunu qeyd edən rektor azərbaycanlı tələbələrin fransız dilinə böyük maraq göstərdiklərini bildirib.
M.Ketata rəhbərlik etdiyi agentliyin fəaliyyət istiqamətləri, üzvləri və digər mühüm məsələlər haqqında məlumat verib. ADNSU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən M.Ketata fransız dilinin tədrisi üçün keçilən bütün təlimləri dəstəklədiyini deyib. O, ADNSU ilə əməkdaşlığın inkişaf edəcəyinə və əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib.
Sonra Frankofoniya Universitetləri Agentliyinin nümayəndələri UFAZ-da tədris prosesi və auditoriyalarla tanış olublar.

ADNSU-nun Mətbuat Xidməti


Mustafa Babanlı: Fransız–Azərbaycan Universiteti bizim üçün olduqca əhəmiyyətlidir

Oxşar xəbərlər