Bakı Ali Neft Məktəbinin səkkiz yaşı tamam olur

Bakı Ali Neft Məktəbinin səkkiz yaşı tamam olur Bakı Ali Neft Məktəbinin (BANM) yaranmasının səkkiz ili tamam olur. Yarandığı gündən ölkəmizin universitetlərinin reytinq cədvəlində öz liderliyini saxlayan təhsil müəssisəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli Fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb.
2017-ci il may ayının 1-də Qafqaz regionunun ən böyük kampusu olan BANM-in yeni kampusu da Prezident İlham Əliyevin iştirakı ilə açılaraq istifadəyə verilib.
Cari ildə bu ali məktəbin dövlət sifarişli ixtisaslarına qəbul olmaq üçün ümumi orta bal - 678 bal olub. 2019-2020-ci tədris ilində təhsil müəssisəsinin 23 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Bu göstərici üzrə də BANM ölkə üzrə ali məktəblər arasında ön sıralarda yer alıb.
Ali məktəb səkkiz illik fəaliyyətində artıq üçüncü məzun buraxılışı həyata keçirib. Məzunların işlə təmin olunması isə 100 faiz təşkil edir. Bu gün BANM-i bitirən məzunlar yerli və transmilli şirkətlərdə çalışır və dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirirlər.
Ali məktəb ölkədə peşəkar mühəndislərin hazırlanmasında SOCAR, STAR Refinery, BP, ABB, Emerson, Schneider Electric, Maire Tecnimont, Halliburton, Microsoft, Schlumberger, Equinor, Total, Avandsis Group və digər ən qabaqcıl şirkətlərlə əməkdaşlıq edib ki, bu da BANM-in məzunlarının beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə imkan yaradır.

Tehsil-press.az

Oxşar xəbərlər