Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Bakı Ali Neft Məktəbi (BANM) ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində bu ali məktəbin rektoru Elmar Qasımov rəhbərlik etdiyi təhsil müəssisəsi, təlim-tədris prosesi, əldə olunan uğurlar barədə ətraflı məlumat verib.
Rektor ölkənin ən intellektual və qəbul imtahanlarında yüksək nəticələr göstərən gənclərinin Bakı Ali Neft Məktəbini seçdiyini vurğulayaraq, bu il Prezident təqaüdünə layiq görülmüş 102 nəfərdən 23-nün məhz BANM-in tələbəsi olduğunu diqqətə çatdırıb. BANM-də müasir beynəlxalq tədris sisteminə uyğun ingilisdilli peşəkar mühəndis kadrları hazırlandığını deyən E.Qasımov ali məktəbin beynəlxalq səviyyəli yerli və transmilli şirkətlərlə sıx əməkdaşlıq etdiyini söyləyib. O, Bakı Ali Neft Məktəbinin məzunlarının tərəfdaş şirkətlərdə istehsalat təcrübəsi keçdiyini, eləcə də işlə təmin olunduğunu vurğulayıb. Gələcəkdə Bahar Enerji Əməliyyat Şirkətində çalışan bir neçə mütəxəssisin BANM-in məzunlarından olacağına ümidvar olduğunu deyib.
Bahar Enerji Əməliyyat Şirkətinin prezidenti Con Harkins bildirib ki, şirkətin 800 işçisindən 12-si peşəkar mühəndisdir. Beş il əvvəl şirkətdə 12 xarici əməkdaş çalışırdısa, bu gün onların sayı cəmi 3 nəfərdir. Çünki əcnəbilərin tutduğu yüksək vəzifələri indi yerli mütəxəssislər icra edir.
“Sizin dünya standartlarına uyğun kampus və çoxfunksional laboratoriyalarınız tələbələrə real bizneslə tanış olmaq imkanı yaradır. Mən özüm də mühəndisəm. Mühəndislər üçün istehsalat təcrübəsinin önəmini anlayıram. Bu baxımdan Bakı Ali Neft Məktəbinin tələbələrini strukturumuzla daha yaxından tanış etmək istəyirik. Bu, bizə yüksək potensiallı tələbələrlə tanış olmaq və onları zərurət yaranarsa, işlə təmin etmək imkanı yaradacaq”, - deyə Con Harkins qeyd edib.
Sonra qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumda BANM tələbələrinin Bahar Enerji Əməliyyat Şirkətində təcrübə, şirkətin mütəxəssislərinin isə ali məktəbin tələbələri üçün master klasslar keçməsi, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi nəzərdə tutulur.
Bahar Enerji Əməliyyat Şirkəti “Bahar” və “Qum dəniz” yataqlarında əməliyyat aparan ABŞ-ın “Greenfields Petroleum” şirkətinin törəməsidir.
Xatırladaq ki, 2009-cu il dekabrın 22-də SOCAR və Bahar Enerji Əməliyyat Şirkəti arasında sözügedən yataqların kəşfiyyatı, bərpası və işlənməsi ilə bağlı razılaşma imzalanıb.

BANM-in Mətbuat Xidməti

Oxşar xəbərlər