Bakı Slavyan Universitetində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub

Bakı Slavyan Universitetində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub Bakı Slavyan Universitetində (BSU) Azərbaycan filologiyası fakültəsinin və Pedaqoji fakültənin Pedaqogika və psixologiya kafedrasının birgə təşkilatçılığı ilə görkəmli dramaturq və publisist Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Pedaqogika və psixologiya kafedrasının müəllimi Səbinə Cəfərova Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynadığını və bütöv bir ədəbi məktəb formalaşdıran qüdrətli şəxsiyyət olduğunu qeyd edib. S.Cəfərova bildirib ki, böyük yazıçı həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən rəngarəng obrazlar qalereyası yaradıb. O vurğulayıb ki, ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin ərsəyə gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistikası dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir.
Sonra tələbələr Cəlil Məmmədquluzadənin və Həmidə xanımın məktubları əsasında hazırlanmış səhnəcik nümayiş etdiriblər. Azərbaycan filologiyası fakültəsinin tələbəsi Səidə İsmayılova Xalq şairi Söhrab Tahirin Cəlil Məmmədquluzadəyə həsr etdiyi şeirini səsləndirib.
Tədbirdə Azərbaycan filologiyası fakültəsinin tələbələrindən Şəlalə Kərimovanın “Qoca Şərqin güzgüsü Mirzə Cəlil”, Türkan Qasımovanın “Cəlil Məmmədquluzadənin pedaqoji və maarifçilik fəaliyyəti”, Nana Mustafayevanın “Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” əsərində didaktik prinsiplər və təlim metodları”, Aytac Xəlilovanın “Anamın kitabı” əsərində ailə tərbiyəsi və dil məsələləri”, Əsmər Əhmədovanın “Ulu öndər Heydər Əliyevin Cəlil Məmmədquluzadənin yaradıcılığı haqqında fikirləri”, Aytac Həsənovanın “Cəlil Məmmədquluzadə irsində tərbiyə məsələləri”, Vəfa Allahverdiyevanın “Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının fəaliyyətində rolu” mövzularında məruzələri dinlənilib.
Azərbaycan filologiyası fakültəsinin tələbəsi Sadəgül Baloğlanova Cəlil Məmmədquluzadənin “Olacaqsan” şeirini söyləyib, tələbələrin “Anamın kitabı” əsərindən hazırladıqları səhnə nümayiş olunub. Tələbələrdən Murad Osmanlı Cəlil Məmmədquluzadənin obrazını yaradaraq iştirakçılar qarşısında maraqlı çıxış edib.
Tədbirdə Pedaqogika və psixologiya kafedrasının müəllimi S.Cəfərovanın “Ölü ikən dirilər – Kefli İsgəndər həqiqətləri” mövzusunda məruzəsi dinlənilib.
Azərbaycan filologiyası fakültəsinin dekan müavini Yaqut Baxışova tədbirin tələbələrin maarifləndirilməsi istiqamətindəki əhəmiyyətindən danışıb.
Sonda tədbirdə fəal iştirak edən tələbələrə təşəkkürnamələr təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər