UNEC: tələbələrin əksəriyyəti təcrübə obyektlərini fərdi şəkildə müəyyən edib

UNEC: tələbələrin əksəriyyəti təcrübə obyektlərini fərdi şəkildə müəyyən edib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Qiyabi təhsil şöbəsinin buraxılış kurs tələbələri ilə ixtisas təcrübəsinin təşkili mövzusunda görüş keçirilib.
Görüşdə Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev ixtisas təcrübəsinə göndərilən tələbələrin böyük əksəriyyətinin öz təcrübə obyektlərini fərdi şəkildə müəyyənləşdirdiklərini bildirib. O, tələbələri ixtisas təcrübəsinin təşkili və gedişinə nəzarətlə bağlı zəruri normativlər və qaydalarla tanış edib, həmçinin müəssisə və kafedra tərəfindən təyin olunan təcrübə rəhbərinin vəzifə və öhdəliklərini diqqətə çatdırıb.
UNEC-in Təcrübənin təşkili şöbəsinin müdiri Natiq Qurbanov yaranacaq suallar və çətinliklərlə bağlı tələbələrin şöbəyə hər zaman müraciət edə biləcəklərini vurğulayıb. O bildirib ki, təcrübə rəhbərləri kafedralar tərəfindən tərtib edilən ixtisasın təcrübə proqramını və müvafiq sənədləri təcrübənin başlanmasına 2 həftə qalmış müəssisə rəhbərliyinə təqdim etməlidirlər.
Qeyd edək ki, cari tədris ilində UNEC-in Qiyabi təhsil şöbəsinin buraxılış kurs tələbələri üçün ixtisas təcrübəsi 7 fevral - 25 may tarixlərində təşkil olunacaq. Təcrübə prosesində cəmi 406 tələbə iştirak edəcək ki, onlardan da 243-ü təcrübə obyektini fərdi müəyyən edib.

UNEC-in Mətbuat Xidməti



Oxşar xəbərlər