Muzeydə görkəmli tarixçi alim Sara Aşurbəylinin xatirəsinə həsr edilmiş tədbir

Muzeydə görkəmli tarixçi alim Sara Aşurbəylinin xatirəsinə həsr edilmiş tədbir AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində görkəmli alim, tarix elmləri doktoru, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Sara Aşurbəylinin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı tarixçi alim Sara Aşurbəylinin mənalı ömür yolu, elmi yaradıcılığı və qazandığı nailiyyətlərdən danışıb.
Qeyd olunub ki, S.Aşurbəyli ali təhsil müəssisələrində, Azərbaycan Milli Elmlər Akademiyasında müxtəlif vəzifələrdə çalışıb. Sankt-Peterburqda namizədlik, Tbilisidə isə doktorluq dissertasiyalarını müdafiə edib. “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri” və “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir. O, Azərbaycanda ilk və yeganə tarixçidir ki, öz həyatını Bakı (İçərişəhər) və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr edib. Sara Aşurbəyli Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam idi. Bu istedadına görə 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib.
Tədbirdə S.Aşurbəylinin qohumu Ramiz Aşurlu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, Şərqşünaslıq İnstitutunun direktor müavini Şahin Mustafayev, Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Əli Rəcəbli və digər alimlər də Sara xanımın elmə verdiyi töhfələrdən, əsərlərinin əhəmiyyətindən bəhs edib, onun xatirəsinin ürəklərdə yaşayacağını vurğulayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər