STEAM tədrisi ilə bağlı təlimlərdə iştirak etmiş müəllimlərə sertifikatlar verilib

STEAM tədrisi ilə bağlı təlimlərdə iştirak etmiş müəllimlərə sertifikatlar verilib Bakı şəhəri 20 nömrəli məktəb-liseydə “STEAM (Science, Technology, Engineering, Art and Mathematics)” ilə bağlı təlimin bağlanış mərasimi keçirilib.
Tədbirdə çıxış edən nazir müavini Məhəbbət Vəliyeva STEAM layihəsi barədə məlumat verib. Bildirib ki, Təhsil Nazirliyi tərəfindən 2019-2020-ci tədris ilindən etibarən Bakının 42 məktəbində tətbiq edilən STEAM layihəsi 254 sinifdə 6000-dən çox şagirdi əhatə edir. Layihənin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiqinə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədris edilməsidir.
Nazir müavini bildirib ki, müasir dövrün çağırışları təhsil sahəsinin qarşısında yeni tələblər qoyur. STEAM tədris metodikasının əsas mahiyyətindən danışan Məhəbbət Vəliyeva deyib ki, növbəti iki il ərzində layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, layihənin tətbiqinə başlandığı gündən indiyə qədər müəllimlər həm Azərbaycanda, həm də xarici ölkələrdə çoxsaylı təlimlərə cəlb ediliblər. Təlimlərdə iştirak etmiş müəllimlərin əksəriyyəti ilə əməkdaşlığa başlanılıb və layihənin tətbiq sahəsinin genişləndirilməsi məqsədilə müxtəlif işlər görülüb, 34 həftəlik tədris proqramı yazılıb, dərslərin tədrisi üçün Azərbaycan və rus dillərində dərs vəsaitləri çap edilib.
İsrailin ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Avital Rosenberq məlumat verib ki, 50 təhsil mütəxəssisi ötən ilin dekabrında İsraildə, bu ilin fevralında isə Bakıda 5 həftəlik STEAM və robotiks təhsil proqramlarının tədrisi istiqamətində keçirilən təlimdə iştirak edib. Qeyd olundu ki, bu cür tədbirlərin keçirilməsi iki ölkənin münasibətlərinə müsbət təsir edir.
İsrailin ORT məktəb şəbəkəsinin direktor müavini Yoel Rosşild çıxış edərək STEAM tədrisinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır.
Sonda təlimdə iştirak etmiş müəllimlərə sertifikatlar təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər