“Rəqəmsal bacarıqlar” layihəsi 123 məktəbi, 700 müəllimi və 70 min şagirdi əhatə edir

“Rəqəmsal bacarıqlar” layihəsi 123 məktəbi, 700 müəllimi və 70 min şagirdi əhatə edir “Rəqəmsal bacarıqlar” və “STEAM” layihələri ilə bağlı Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyə infotur təşkil edilib.
İnfoturda nazirliyin yanında İctimai Şuranın üzvləri, layihələrin əhatə etdiyi müəllim heyəti və digər qonaqlar iştirak ediblər. Məqsəd infotur iştirakçılarını sözügedən layihələr çərçivəsində görülən işlərlə əyani tanış etmək olub.
İştirakçılar əvvəlcə “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində yeni formatda keçirilən informatika dərsinin, həmçinin pilot layihə olan STEAM fənninin tədris prosesini izləyiblər.
Sonra İctimai Şuranın üzvləri və layihələrin əhatə etdiyi müəllimlərin iştirakı ilə “Rəqəmsal təhsil” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masa çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsi üzrə tətbiq edilən metodologiyanın şagirdlərin informatika fənnini mənimsəməsində rolu müzakirə olunub. Bildirilib ki, cari tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 6 şəhər və rayonu, 123 məktəbi, 700 müəllimi və 70 min şagirdi əhatə edir. Layihə informasiya texnologiyaları sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir.
Daha sonra bu ildən pilot olaraq həyata keçirilən “STEAM” layihəsi çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən başladılan layihə hazırda Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsini və 6 mindən çox şagirdi əhatə edir. Layihənin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib.
İctimai Şuranın üzvləri də şagirdlərin kompüter savadlılığının yüksəldilməsində, onların yüksək texnoloji ixtisaslara marağının artırılmasında layihələrin rolunu yüksək qiymətləndiriblər. Yeni yanaşmanın başqa fənlərə də tətbiqinin vacibliyi vurğulanıb.
Sonda geniş fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər