Heyvanlar arasında ünsiyyətin qanunauyğunluğu tədqiq edilir

Heyvanlar arasında ünsiyyətin qanunauyğunluğu tədqiq edilir Fransız və italyan alimləri müəyyən ediblər ki, Afrika pinqvinlərinin (eynəkli pinqvinlər) səs siqnalları insan nitqində olan qanunlara tabedir. Daha əvvəl Britaniya alimləri şimpanzelərdə jestikulyasiyanı öyrənərkən oxşar nəticəyə gəliblər. Rusiyalı bioloqların məlumatına görə, afalinlərin səs siqnallarının quruluşu söz yaradıcılığını xatırladır. Britaniya primatoloqları 2014-cü ildə Uqandada vəhşi şimpanzeləri müşahidə edərkən onlarda 66 jest ayırıblar. Bu jestlərlə heyvanlar bir-birinə “çəkil”, “bəsdir”, “arxamca gəl” kimi informasiya siqnallarını ötürüblər. Meymunlar həmcinsinə nəsə “demək” üçün onun diqqətini cəlb etməyə çalışıb. Beş il sonra Roehampton universitetinin alimləri şimpanzedə 2000-dək jesti təsvir edərək belə qənaətə gəliblər ki, bu kommunikasiya sistemi də insan nitqi kimi linqvistikanın qaydalarına tabedir. Belə ki, təbii dillərdə daha qısa sözlər tez-tez işlənir – meymunlar üçün də bu və ya digər jestə üstünlük verməsi onun uzunluğundan asılı idi. Yaxud uzun dil vahidləri daha qısa elementlərdən ibarətdir. Məsələn, dillərdə söz uzun olduqca, onun təşkil olunduğu hecalar qısa olur. Meymunların mürəkkəb jesti də qısalar üzərində qurulub. Nəticədə 873 ayrıca jest müəyyən edilib, qalanları isə düzəltmə olub. Ən uzun ardıcıllıq 45 jestdən ibarət olub.
Bu yaxınlarda məlum olub ki, Cənubi Afrika Respublikası və Namibiyanın sahillərində yaşayan eynəkli pinqvinlərin vokal ünsiyyəti də linqvistika qanunlarına tabedir.
Beynəlxalq alim qrupu İtaliyanın bir neçə zooparkında 28 növ eynəkli pinqvinin 590 “mahnısını” qeydə alıb. Sonra əldə edilən nümunələr qısa (A), uzun (B) və aralıq (C) növünə ayrılıb. Daha çox A, ən az B növdən istifadə edilib.
Rusiya Elmlər Akademiyasının P.Şirşov adına Okeonologiya İnstitutunun Dəniz məməliləri laboratoriyasının elmi işçisi Aleksandr Aqafonov bildirir ki, bütün bunlar heç də heyvanların insanlar kimi ünsiyyət saxlaması demək deyil. Pinqvinlərə gəldikdə isə həmin tip siqnallar digər quşlarda olduğu kimi, onlarda da çox deyil. Buna görə də pinqvinlərin insanlar kimi bir-birilə “danışması” barədə fikir söyləməyinə dəyməz. Əgər “heyvanların dili” insan nitqi ilə analogiya edilərsə, ona daha çox afalin delfinlərin kommunikativ sistemi oxşardır. Onlarda impulsların ardıcıllığını göstərən mürəkkəb modullaşmış siqnallar çoxdur. Afalinlərdə bir neçə tip siqnal var. Bunlardan birincisi özünəməxsis yüksəktezlikli fit səsidir ki, bununla həmin heyvanlar bir-birini, habelə digərlərinin harada olduğunu müəyyənləşdirir. Hər belə siqnal fərdidir ki, bu da delfinin özünəməxsus “avtoqrafıdır”. Afalin üzərkən bu səsi çıxarır ki, digərləri də öz səsləri ilə ona cavab verir. Fit səsi onların həyatında çox vacibdir, lakin yeri müəyyənləşdirməkdən başqa digər informasiyanı onunla ötürmək mümkün deyil. Hərəkəti əlaqələndirmək lazım gələndə, məsələn birgə balıq ovu zamanı afalinlər digər siqnal növündən - impulslu-tonal səsdən istifadə edirlər. Bu, böyük tezlikli genişzolaqlı impulslar silsiləsidir. Həmin siqnallar impulslar arasında intervalların dəyişməsi hesabına modullaşır. Bunlar, heyvanlarda olduğu kimi, məhdud sayda deyil, özlüyündə iyerarxik sistemdir. Bu sistem müxtəlif mürəkkəblik dərəcəsində elementlər kombinasiyasının bir neçə səviyyəsindən ibarətdir ki, bu mənada insan nitqini xatırladır. Yəni burada elementlərin iyerarxiyası var – fonem, morfem, söz və s. Afalinlərin “repertuarının” 60 faizi bu cür siqnallardan ibarətdir. Alimlər güman edirlər ki, onlarda həqiqətən də kifayət qədər inkişaf etmiş kommunikativ sistem ola bilər. Lakin bunu sübut etmək üçün mürəkkəb və uzun tədqiqatlar aparılmasına ehtiyac var.

Tehsil-press.az

Oxşar xəbərlər