Türkiyədəki səfirliyimiz azərbaycanlıların vəziyyəti ilə bağlı məlumat yaydı

Türkiyədəki səfirliyimiz azərbaycanlıların vəziyyəti ilə bağlı məlumat yaydı Azərbaycanın Türkiyədəki səfirliyi bölgədə koronavirus pandemiyası başlayandan etibarən dövlət siyasətinin bir hissəsi kimi ölkə vətəndaşlarına mümkün dəstəyin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə səfirliyin yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunduğu kimi, ilk növbədə, xüsusi ehtiyac duyan vətəndaşlarımızın ölkəmizə geri qayıtmasının təmin edilməsi daxil olmaqla müvafiq tibbi ləvazimatların əldə edilməsi, təcrübə mübadiləsinin aparılması, Türkiyə daxilində vətəndaşlarımız üçün inzibati və lojistik məsələlərin həlli və digər istiqamətlərdə son iki həftədə gün ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərib. Eyni zamanda Bolqarıstan-Türkiyə sərhədində Türkiyəyə girişləri qadağan olan ölkələrdən gələn vətəndaşlarımızın bu ölkəyə keçidini təmin etmək üçün ilk olaraq sərhəddə qalan 28 azərbaycanlının sərhədi keçməsinə nail olunub, daha sonra neytral zonada qalan 14 vətəndaşımızdan 11-nin Bolqarıstana keçməsinə şərait yaradılıb, sərhəddə qalan digər 3 vətəndaşımızın isə Türkiyəyə keçidini təmin etmək üçün iki həftədir bütün rəsmi diplomatik kanallarla təmaslar saxlanılıb. Bu gün həmin 3 vətəndaşımızın Türkiyə ərazisində iki gün karantində qalmaq şərtilə xarici vətəndaşlar üçün tam bağlı olan sərhədi keçməsi təmin edilib.
Bunun üçün biz Türkiyə hökumətinə, xüsusilə də Türkiyə Xarici İşlər Nazirliyinə dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda qeyd edilir ki, Azərbaycanın Türkiyədəki səfirliyi tam tərkibdə və gücləndirilmiş rejimdə fəaliyyət göstərərək ölkə vətəndaşlarının üzləşdiyi məsələlərin konsulluq yardımı müstəvisində həllinə dəstək verməkdə davam edir.

Tehsil-press.az




Oxşar xəbərlər