Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahda brifinq keçirib

Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahda brifinq keçirib Təhsil Naziri Ceyhun Bayramov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda brifinq keçirib.
Brifinqdə nazir Ceyhun Bayramov koronavirus pandemiyası ilə əlaqədar olaraq təhsil sahəsində dövlət tərəfindən verilən qərarlardan, Təhsil Nazirliyi tərəfindən atılan addımlardan, həyata keçirilən layihələrdən danışıb.
Nazir diqqətə çatdırıb ki, mart ayının 3-də təhsil sektorunda fəaliyyətin dayandırılması ilə yaranan mövcud vəziyyətin mənfi təsirlərini aradan qaldırmaq üçün Təhsil Nazirliyi tərəfindən mühüm addımlar atılıb. Yaranmış boşluğu doldurmaq üçün “Mədəniyyət” kanalında teledərslərin yayımına start verilib. Teledərslər ilk olaraq Azərbaycan bölməsini əhatə edirdi, daha sonra rus bölməsinin və peşə təhsili dərslərinin yayımına başlandı. Hazırda təxminən 1 milyon 600 min şagird teledərslərdən yararlanmaq imkanına malikdir və aprelin 29-da teledərslərin 1000-ci buraxılışı efirdə yayımlanacaq.
Nazir məlumat verib ki, nazirliyin fəaliyyəti bununla yekunlaşmayıb. Aprelin 2-dən etibarən “Virtual məktəb” layihəsinə start verilib. Bu da şagirdlərə daha geniş məzmunun çatdırılmasına imkan yaradıb. “Virtual məktəb” layihəsi müəllim və şagirdlər arasında interaktiv ünsiyyətin formalaşmasına şərait yaradır. Hazırda “Virtual məktəbdə” 650 min şagird və müəllim qeydiyyatdan keçib.
Nazir bildirib ki, şagirdlər onlayn platformalar üzərindən yarışlarda, müsabiqələrdə, intellektual oyunlarda iştirak edirlər.
Pandemiya dövründə ali təhsil müəssisələrində təhsil distant formada həyata keçirilir. Ali məktəblərin bəzilərində distant təhsil artıq mövcud idi, 21 ali təhsil müəssisəsi isə Təhsil Nazirliyinin dəstəyi ilə distant təhsilə keçdi. Hazırda ölkədə müxtəlif onlayn platformalar vasitəsilə 95 minə qədər tələbə distant təhsildən yararlanır.
Nazir Ceyhun Bayramov bildirib ki, təhsil sahəsində layihələr əvvəlcə pilot olaraq icra edilir. Pandemiya şəraitində distant təhsilə keçid uğurlu bir təcrübə oldu. Distant təhsil, eyni zamanda, ikili diplom proqramlarında tətbiq olunur. Pandemiyadan sonra da distant təhsilin geniş tətbiq olunması nəzərdə tutulur.
Ceyhun Bayramov vurğulayıb ki, karantin müddətində Təhsil Nazirliyinin 146-3 qaynar xəttinə 700-dən çox müraciət daxil olub. Qaynar xətdə müraciət edənlərə nazirliyin psixoloqları tərəfindən lazımi psixoloji yardım göstərilib.
Təhsil sektorunda fəaliyyətin bərpa olunmasına toxunan nazir qeyd edib ki, karantin rejiminin yumşaldılmasına dair qərarlar ilk olaraq təhsil sektoruna aid edilməyəcək. Çünki müvafiq sahədə fəaliyyətin bərpası 2 milyondan çox insanın hərəkətdə olması deməkdir.
Nazir məlumat verib ki, 2019-2020-ci tədris ilinin yaz semestrində tələbələrin qiymətləndirilməsi ilə bağlı təkliflər hazırlanır. Bununla bağlı universitetlər öz təkliflərini hazırlayırlar. Bütün təkliflər nəzərdən keçirildikdən sonra Təhsil Nazirliyi yekun qərar verəcək.
Koronavirus pandemiyasından sonra tədris bərpa olunduqda şagirdlərin xüsusi qiymətləndirilməsi aparılacaq. Bu qiymətləndirmədən sonra növbəti tədris ilinin proqramına başlanılacaq.
Ceyhun Bayramov qeyd edib ki, yenidən tədris prosesinə start verildikdə sosial məsafənin qorunmasına diqqət ayrılacaq, sanitar qaydalara xüsusi nəzarət olunacaq. Bununla bağlı siniflərdə şagirdlərin sıxlığı məsələsi mütəxəssislərlə müzakirə ediləcək və lazımi qərarlar qəbul olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər