Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığı nəzərə alınaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) təhsilin davamlılığının təmin edilməsi məqsədilə bütün dərslər distant şəkildə tədris olunur.
Cari ilin mart ayından etibarən yaranan xüsusi vəziyyət fonunda əcnəbi müəllimlərin Azərbaycana səfəri dayandırıldığı üçün hazırda UFAZ distant tədris təcrübəsini yerli və əcnəbi müəllimlərin iştirakı ilə davam etdirir. Bütün müəllimlər Microsoft Teams kimi alətlərin verdiyi üstünlüklərdən faydalanaraq tədris prosesinə davam edirlər. UFAZ-da təhsil alan hər bir tələbə birinci kursa daxil olanda fərdi notbuklarla təmin olunur ki, bu da onlara hazırda evdən tədrislərini davam etdirmək üçün texniki şərait yaradıb.
UFAZ-da təkcə tədrisdə deyil, həm də idarəetmədə yeni metodlar və vasitələr tətbiq olunur. UFAZ Elmi Şurasının üzvləri ADNSU-nun, Strasburq və Ren 1 universitetlərinin və UFAZ-ın akademik və inzibati heyətindən təşkil olunduğuna görə şuranın iclasları təkcə fiziki məkanlarda deyil, onlayn şəkildə də həyata keçirilir.
Qeyd edək ki, yarandığı ilk gündən əcnəbi müəllimlərin tədrisdə birbaşa iştirakı ali təhsil ocağında distant təhsilin tətbiqi zərurətini yaradıb. Buna görə burada distant təhsilin tətbiqinə 2018-ci ildən start verilib. UFAZ Elmi Şurasının 2018-ci il 22 noyabr tarixli qərarına əsasən Fransadan dəvət olunmuş müəllimlər dərs proqramlarının bir hissəsini onlayn formada həyata keçirə bilər.
2018/2019-cu tədris ilinin ikinci semestrindən etibarən Strasburq Universitetinin Moodle platformasına qoşulmuş bütün tələbələr onlayn tətbiqlər və videokonfranslar vasitəsilə bəzi dərslərini distant formada almağa başlayıblar. Verilənlər Bazası, Tektonik Platformalar və Seysmologiya fənləri üzrə aparılan distant tədris həm birtərəfli videomühazirələr, həm də intereaktiv seminarlar, eyni zamanda, tələbə və müəllim arasında razılaşdırılmış fərdi onlayn görüşlər formasında həyata keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər