Sərdar Cəlaloğlu Nobel mükafatı almaq istəyir: “Təkcə özümə görə deyil...” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu Nobel mükafatı almaq istəyir: “Təkcə özümə görə deyil...” - MÜSAHİBƏ Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 66 yaşını tamamladı.A
3 iyun 1954-cü il tarixində Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olan siyasətçi ötən gün qeyd etdiyi yubiley təəssüratlarını bölüşüb. Sərdar Cəlaloğlunun saytımıza müsahibəsini təqdim edirik:
- Sərdar bəy, 66 ildə qazandıqlarınızı, itirdiklərinizi gözünüzün önündən keçirimsinizmi?
- Hərə dünyaya gələndə bir ideyanı həyata keçirmək üçün Allah tərəfindən təyinatlandırılıb. Sadəcə, insanın vəzifəsini, həmin ideyanın nədən ibarət olduğunu müəyyənləşdirmək, bunu həyata keçirmək lazımdır. Mənə elə gəlir ki, yaradılma səbəbimə uyğun bir yol seçmişəm. Vəzifəmi də yerinə yetirməyə çalışıram. Nəticələrini ortaya qoya bilməsəm də, çox ciddi işlər görmüşəm. Ölkədəki vəziyyət, maddi çətinliklər və s. nəticələri ortaya çıxarmağıma şərait yaratmayıb. Dünyada ilk dəfə metafizika ilə bağlı kitab yazıb, bu elmi sistem halına salmışam. Kitablarım, minlərlə elmi məqalələrim, araşdırmalarım dərc olunub. Azərbaycanda bu gün də fəaliyyət göstərən partiyanın inkişafında müəyyən xidmətlərim olub. 30 ildir fəaliyyət göstərən bir qəzetin işıq üzü görməsində müəyyən xidmətlərim olub. Bu yaşıma qədər fəaliyyətimi üst-üstə toplayanda görürəm ki, bir insan üçün vəzifələr bundan çox ola bilməzdi. Çata bilmədiyim məqsədlərim, niyyətlərim də olub, amma bunlar da obyektiv səbəblərdən baş tutmayıb. Yüksək elmi dərəcə almaq, hakimiyyətdə təmsil olunmaq və s. məsələlərə nail olmamışam.
- Bəs bundan sonrakı planlarınız nə olacaq?
- İndi yarımçıq qoyduğum işlərimi başa çatdırmalıyam. Bundan sonra da vacib hesab etdiyim layihələr olsa, həyata keçirə bilərəm. Amma indiyə qədər gəldiyim yolu dəyişdirmək fikrim yoxdur.
- Siyasətdən yorulmusunuzmu?
- Siyasi liderlərin taleyinə baxsanız görərsiniz ki, 80-90-100 il yaşayırlar, ömürlərinin sonuna qədər də siyasətdə olurlar. Əslində siyasətdə olan insan yaşlandıqca, dünyaya daha çox töhfə verir. Ona görə, düşünürəm ki, insanın yaşı artdıqca, fərdi maraqlar nisbətən azalır və siyasətə bağlanır. İnsanın ictimai maraqları önə çıxır.
- Düşünürsünüz ki, siyasətdə olmaq sizə də uzun ömür bəxş edəcək?
- Dediyim kimi, siyasətçilər, alimlər bir qayda olaraq, uzunömürlü olurlar. İnsan ictimai varlıq kimi yaşayanda bioloji ömründən artıq bir ömrə sahib olur. Həm fiziki, həm mənəvi olaraq belə olur. Ona görə, siyasətlə məşğul olmağın ömrü uzatdığını iddia edə bilərik.
- Ailənizə, nəvələrinizə bundan sonra daha da çox vaxt ayırmağı düşünürsünüzmü?
- Bundan sonra yox, elə bundan əvvəl də onlarla bacardığım qədər məşğul olurdum. Hər bir canlı, hətta heyvanlar belə bioloji tələbdən irəli gələrək, övladları ilə vaxt keçirirlər. Öz yaxınları ilə bir yerdə yaşamaq, vaxt keçirmək insan üçün böyük bir nailiyyət, bacarıq, üstünlük deyil. Sadəcə, hər kəsə xas olan instinktiv meyldir.
O zaman ki, siz tək bioloji varlıq kimi deyil, həm də ictimai varlıq kimi düşünürsünüz, onda həqiqi insana, sosial varlığa çevrilirsiniz. Mən isə lap uşaqlıqdan daha çox ictimai həyatda olmuşam. Şəxsi həyat məni o qədər də maraqlandırmır. Uşaqlarım da mənim apardığım siyasətin nəticələrindən bəhrələnəcəksə, elə onlara da xidmət etmiş olaram.
- Nail olmaq istədiyiniz ən böyük məqsədiniz, niyyətiniz nədir?
- Nobel mükafatı almağı arzulayıram. Çox istəyərdim ki, təkcə özümə görə deyil, elə Azərbaycan xalqının da elm cəhətdən üstünlüyünü sübut etmək üçün Nobel alım.
İkinci məqsədim isə dəyişməz qalır. Millətimin yanında olmaq, dost-düşmənin kim olduğunu tanıtmaq, doğru hesab etdiyim yolu təbliğ edərək, milləti bu yolla getməyə təşviq etməkdir.

Tehsil-press.az




Oxşar xəbərlər