Bakı Dövlət Universitetində Silahlı Qüvvələr Gününə həsr olunan onlayn tədbir

Bakı Dövlət Universitetində Silahlı Qüvvələr Gününə həsr olunan onlayn tədbir İyunun 25-də Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbiri açan rektor Elçin Babayev Milli Ordumuzun 102 il əvvəl - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradıldığını qeyd edib. Xatırladıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib. Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Hələ sovet dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtlarda, 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Məhz Ümummilli Liderin sayəsində ordu quruculuğu sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib, peşəkar, yüksəksəviyyəli nizami ordu formalaşdırılıb.
E.Babayev qeyd edib ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz uzaqgörən rəhbərin gərgin zəhmətinin bəhrəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir. Ölkə rəhbərinin iştirakı ilə Silahlı Qüvvələrimizin möhtəşəm hərbi paradı, Milli Qəhrəman Mübariz İbrahimovun şücaəti, Aprel döyüşləri, Günnüt zəfəri Milli Ordumuzun gücünün və qüdrətinin göstəricisidir.
Rektor Azərbaycan Ordusunun güc və qüdrətinin təbliği, Vətənə məhəbbətin tərənnümü, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi istiqamətində bilavasitə təhsil işçilərinin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb.
Sonra Azərbaycan tarixi kafedrasının professoru Nuru Məmmədov “Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında”, Azərbaycan tarixi kafedrasının dosenti Ələmdar Şahverdiyev “Azərbaycan Milli Ordusunun yaranması tarixindən”, Tarix fakültəsinin Tələbə Həmkarlar İttifaqının sədri Əli Babazadə “Azərbaycan Ordusunun Qarabağ döyüşləri: dünən və bu gün” mövzularında məruzələrlə çıxış ediblər.
Çıxışlarda Milli Ordunun yaranma tarixi, ulu öndər Heydər Əliyevin silahlı qüvvələrimizin güclənməsi istiqamətində göstərdiyi xidmətlər, Azərbaycan Silahlı Qüvvələrinin hərbi quruculuğu prosesi, 2016-cı il Aprel döyüşlərində Milli Ordumuzun göstərdiyi şücaət, onun döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi barədə ətraflı məlumat verilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri 100-dən çox iştirakçı dinləyib.

Tehsil-press.az

Oxşar xəbərlər