Avstraliyanın cənubunda aborigenlərin ən qədim məskəni aşkar edilib

Avstraliyanın cənubunda aborigenlərin ən qədim məskəni aşkar edilib Avstraliyanın cənubunda Murrey çayının sahilində alimlər aborigenlərin məlum məskənlərindən ən qədimini aşkar ediblər. Tapıntının təsviri “Australian Archaeology” elmi jurnalında dərc edilib.
Tədqiqatın müəlliflərindən biri – Flinders Universitetindən (Avstraliya) arxeoloq Kreyq Uestell deyib: “Biz Avstraliyanın cənubunda son buzlaq dövrünədək yaranmış süxur təbəqəsi üçün ilk radiokarbon tarixləşdirmə üsulunu tətbiq etdik. Tədqiqat göstərdi ki, aborigenlər bu əraziyə keçmişdə hesab olunandan 22 min il əvvəl gəliblər”.
İlk insanlar Avstraliyaya təqribən 50 min il əvvəl gəliblər. O zaman dəniz suyunun səviyyəsi indikindən on metrlərlə aşağı idi ki, bunun da nəticəsində qədim insanlar indiki Zond adlarının, Yeni Qvineyanın və Avstraliyanın bütün ərazisində məskunlaşmış, quruda və dayaz sulu sahillər boyunca irəliləmişlər.
Buzlaq dövrü başa çatanda adalar və qitələr arasındakı quru “körpülərin” üstü su ilə örtülüb və müasir aborigenlərin əcdadları təcrid olunub. Onların qitədə yaşayışa uyğunlaşmasını arxeoloqlar və paleontoloqlar fəal öyrənirlər, həmçinin insanın meydana gəlməsinin Avstraliyanın meqafaunasının itməsinə təsir edib-etməməsini müəyyənləşdirməyə çalışırlar.
Kreyq Uestell və onun həmkarlarının fikrincə, qitənin köklü xalqlarının əhalisi ərazidə arxeoloqların və antropoloqların əvvəl güman etdiklərindən də tez yayılıb. Tapılan məskənin sakinləri ikitaylı molyusklar və çayda yaşayan digər canlılarla qidalanıblar. Aborigenlər molyuskların çanağını yaxınlıqdakı boş çalaya atıblar ki, həmin tullantılar yüz illər ərzində toplanıb. Bunun sayəsində tədqiqatçılar nəinki ərazidə sakinlərin nə ilə qidalandığını, həm də yaşayış məskənin əsasının qoyulmasını və mövcudolma müddətini təfsilatı ilə öyrəniblər. Alimlər ən aşağı təbəqədəki molyusk çanağının yaşını müəyənləşdirərək ilk insanların Murrey çayı sahillərində məskunlaşmasının Avstraliyanın cənubunda insanın meydana gəlməsinin güman edildiyi tarixdən 29 min əvvəl olduğu qənaətinə gəliblər. Alimlərin fikrincə, ilk aborigenlər çayın məcrasının vaxtaşırı dəyişməsi səbəbindən burada məskunlaşıblar. Bu, həmçinin həmin dövrdə qitənin iqliminin indikindən daha çox quraq olması ilə əlaqədardır. Quraq iqlim səbəbindən Avstraliyanın cənubunda bütün ərazi, demək olar, səhra və yarımsəhralarla örtülüb, onların qumları isə vaxtaşırı Murrey və Darlinq çaylarına tökülərək onların məcrasının dəyişməsinə səbəb olub.

Tehsil-press.az

Oxşar xəbərlər