Azərbaycanın yeni intellektual tədris sisteminin təqdimatı keçirilib

Azərbaycanın yeni intellektual tədris sisteminin təqdimatı keçirilib Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) və onun rezidenti olan yerli “Emsys” startapının iştirakı ilə videokonfrans keçirilib.
Tədbir “Emsys” startapının məhsulu olan yeni intellektual tədris sistemi “Empro”nun təqdimatına həsr edilib.
Videokonfransda Azərbaycanın təhsil sektorunda innovasiyaların tətbiqinin son illər vüsət aldığı bildirilib, hazırda innovativ texnologiyaların tədrisdə real alət kimi istifadəsinin genişlənməkdə olduğu vurğulanıb.
Qeyd olunub ki, Azərbaycanda ali təhsilin potensialının, habelə tədris və təlimin keyfiyyətinin artırılması istiqamətində qarşıya qoyulan başlıca strateji məqsədlərdən biri Azərbaycanda “təhsildə texnologiyalar” (EduTech) seqmentini genişləndirmək və ölkəmizdə rəqəmsal təhsil xidmətlərini Qərbin mövcud standartları səviyyəsində təqdim etməkdir.
Azərbaycanın milli məhsulu olan “Empro” sisteminə ali təhsil müəssisəsi kontingentinin (müəllim, tələbə, inzibati işçilər və s.) elektron qaydada qeydiyyatı, tədrisin elektron planlaşdırılması, fənn qruplarının onlayn qaydada təşkili, fənlərin tələbələr tərəfindən onlayn seçilməsi və mənimsənilməsi, tələbələrin bütün növ fəaliyyətlərinin elektron qaydada qiymətləndirilməsi, müəllim heyətinin müvafiq tələbələr tərəfindən müxtəlif meyarlar üzrə onlayn qiymətləndirilməsi, imtahanların elektron qaydada tərtibi və təşkili kimi modullar daxildir. Həmçinin daxili kommunikasiya alətləri, çatlar, forumlar, bildirişlər, xəbər və elanlar, müəllimlər tərəfindən tələbələrə distant formada fənnin məzmununun təqdim edilməsi, müəllim və tələbələr arasında tapşırıqların elektron qaydada mübadiləsi və qiymətləndirilməsi, məsafədən tədrisin canlı videogörüntü ilə təşkili və monitorinqi, eləcə də müxtəlif növ statistik və dinamik hesabatlar sistemdə öz əksini tapıb.
Vurğulanıb ki, “Empro” platformasının 2021-2022-ci illərdə Mərkəzi Asiyada fəaliyyət göstərən universitetlərə təqdim olunması planlaşdırılır.
Tədbirdə yeni intellektual tədris sisteminin daha dərindən, modullar üzrə yoxlanılması, təhsil standartlarına uyğunluğunun, keyfiyyət göstəricilərinin qiymətləndirilməsi prosesinin UNEC-in peşəkar mütəxəssisləri tərəfindən aparılması tövsiyə olunub.
Qeyd edək ki, bu tədbir “Emsys” startapı tərəfindən ölkəmizdə ilk dəfə hazırlanan və YT Parkda uğurla sınaqdan keçmiş milli platforma – videokonfrans sistemi vasitəsilə keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər