ADPU: Pandemiya şəraitində tədrisin təşkili

ADPU: Pandemiya şəraitində tədrisin təşkili Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elmi şurasının iclasında rektor Cəfər Cəfərov pandemiya şəraitində tədrisin təşkili ilə bağlı fikirlərini bildirib. Qeyd edib ki, müasir dövrdə müəllimin əsas vəzifəsi tədris prosesini günün tələbinə və bəşəriyyətin inkişaf meylinə uygunlaşdırmaq, təhsilalanları bilik qazanmağa və inkişafa motivasiya etməkdir. Tələbələr də bu gün ali məktəbin tədris resurslarının zamandan və məkandan asılı olmayaraq əlçatan olmasını arzu və tələb edirlər. Müasir texnologiyalar da bu istəyi təmin etmək üçün bütün imkanlara malikdir. Beləliklə, məkandan və zamandan asılı olmayan müasir təhsilin və tədrisin təşkili artıq mübahisə edilməyəcək qədər vacib və əhəmiyyətlidir.
Bu gün məsafədən təhsilin uğurla həyata keçirilməsi üçün üç əsas məsələnin həlli vacibdir: əlçatanlıq (öyrənənlərin və ya təlim iştirakçılarının internetə sərbəst çıxışı), kompetensiya (təhsilalanların və müəllimlərin informasiya resurslarından və texnologiyalarından istifadə bacarığı) və motivasiya (bu resurslardan istifadə etmək cəhdi və arzusu).
Müasir dövrdə keyfiyyətli təhsil verilməsi ənənəvi təlim metodları ilə onlayn təlim vasitələrinin optimal (uğurlu) vəhdəti hesabına mümkündür.
Bu gün elektron tədris texnologiyalarını tətbiq etməyi bacarmayan, elektron təlimin təşkilinin əsaslarını mənimsəməyən müəllim özünün rəqabətədavamlılığını itirir, eləcə də tələbələr üçün maraqsız və arzuedilməz olur.
Vurğulanıb ki, müasir dövrün tələblərinə cavab verən, fəaliyyətini müxtəlif elektron tədris-metodiki platformalar vasitəsilə qura bilən, yüksək peşəkarlığa malik müəllim kadrlarının hazırlığı günümüzün tələbidir və bu, artıq pedaqoji kadr hazırlığını həyata keçirən ali məktəb olaraq ADPU-nun yeni missiyasıdır.
Bu tədris vasitəsilə öyrənmə və öyrətmə prosesinin ardıcıllığı müəyyənləşdirilməli, öyrənmə və ya təhsil prosesinin pillələri aydınlaşdırılmalı, biliklərin qiymətləndirilməsi metodları müəyyənləşdirilməlidir. Elektron təhsildə etik davranış məsələləri müəyyənləşdirilməli və nəhayət, məsafədən təhsil üçün yeni metodologiyalar formalaşmalıdır.
ADPU bu gün yeni missiyasına uyğun olaraq tədris üçün vacib olan və qeyd olunan məsələlərin işlənib hazırlanması üzərində çalışır və yeni tədris ili başlayana qədər elektron təhsilin metodoloji və pedaqoji yanaşmasına dair tövsiyələrini geniş təhsil ictimaiyyətinə təqdim etməyi qarşısına məqsəd qoyub.

Tehsil-press.az

Oxşar xəbərlər