“Peyvənd tapılana qədər bu vəziyyətlə barışmalı olacağıq” - Prezident

“Peyvənd tapılana qədər bu vəziyyətlə barışmalı olacağıq” - Prezident "Bu, elə xəstəlikdir ki, heç yaş da tanımır. Hər kəs - yaşlı, orta yaşlı, cavan insanlar təhlükə altındadır. Birinci mərhələdə hesab olunurdu ki, bu, yaşlı insanlar üçün daha təhlükəlidir, gənclər bundan o qədər də əziyyət çəkmirlər. Amma, baxın, indi gənc insanlar da, orta yaşlı insanlar da, sağlam insanlar da vəfat edir. Hesab edilirdi ki, xroniki xəstəlikləri olan insanlar risk zonasındadır. Bu, belədir. Amma tam sağlam insanlar, idmançılar xəstələnir və ağır xəstələnir. Ona görə, bu xəstəliyin tədqiqatı hələ gələcəyin işidir. Mən hesab edirəm ki, hələ alimlər dəqiq bilmirlər bu xəstəliyin mənşəyi nədir. Müxtəlif fərziyyələr irəli sürülür. Mən bu haqda danışmaq istəməzdim, bu işin mütəxəssisi deyiləm. Amma fakt odur ki, xəstəliyin mənşəyi və səbəbi tam aşkar ediləndən sonra yəqin ki, onun müalicəsi də daha asan olacaqdır".
Bu sözləri Prezident İlham Əliyev iyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında çıxış edərkən deyib.
"Əlbəttə, bilməliyik ki, peyvənd tapılana qədər biz bu vəziyyətlə barışmalı olacağıq. Onu da bilməliyik ki, baxmayaraq, vəziyyət nəzarət altındadır, - həkimlər bunu yaxşı bilirlər, - ancaq koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu virusla yaşamalı olacağıq. Ona görə, bizim ənənəvi həyat tərzimizə əlavə olunan məqamlar gərək müəyyən müddət qüvvədə olsun: məsafə saxlamaq, şəxsi gigiyena məsələləri və əlbəttə ki, məsuliyyət. Hesab edirəm ki, biz birgə səylərlə bu vəziyyətdən az itkilərlə çıxacağıq. Yenə də deyirəm, bu günə qədər gördüyümüz işlər nəticəsində vəziyyət tam nəzarət altındadır. Biz bundan sonra da xəstəliklə mübarizə aparmaq üçün nə lazımdırsa, onu da edəcəyik. Biz istənilən iqtisadi məhrumiyyətlərə dözərək əsas məsələni həll edəcəyik", - deyə dövlət başçısı əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər