“TƏBİB olaraq yeni yaradılmışdıq və 1 ay sonra...”

“TƏBİB olaraq yeni yaradılmışdıq və 1 ay sonra...” TƏBİB sədri Ramin Bayramlı Abşeron İdman Kompleksinin modul tipli xəstəxanaya çevrilməsinin açılış mərasimindən sonra açıqlama verib.
“Bəyan etmək istəyirəm ki, Operativ Qəragahın tibbi bölməsi olaraq bizim işimiz xəstələrin müalicəsi ilə məşğul olmaqdır. Xəstəxanalarda tibbi xidmətin təşkili və tibbi personalın təlimatlandırılması ilə məşğuluq. Həm yerli, həm də xarici mütəxəssislərin hesabına bu işi görürük. Çindən və İtaliyadan gələn ekspertlər bizə dəstək olur, Rusiyadan və Türkiyədən də gələnlər var idi. Həkimlərimizlə birlikdə çalışırlar. Kubadan gəlmiş 117 nəfərlik heyət 1 saylı Kliniki Tibbi Mərkəzdə çalışır, Türkiyədən özəl xəstəxanadan gəlmiş 40 nəfərlik heyət isə başqa klinikada xidmət göstərir. İçərisində həmyerlilərimizin də yer aldığı Rusiyadan gəlmiş heyət Sumqayıtdakı 1 saylı Xəstəxanada işləyir. Onlar “qırmızı sahə”də xidmət göstərməklə yanaşı həmin xəstəxanalarda infeksion kontorların yenidən qurulmasına, reanimasiya və intensiv terapiya vərdişlərinin aşılanmasına köməklik göstərirlər, treninqlər keçirirlər.
Yeni Klinika Tibbi Mərkəzində biz təlim mərkəzi yaratmışıq. Buraya bölgələrdən həkimləri, tibb bacılarını gətiririk və pandemiya ilə mübarizə vərdişlərinə yiyələnmələrinə dəstək oluruq. Bildiyimiz kimi, ölkəmizdə icbari tibbi sığortanın tətbiqindən sonra biz xəstəxanalarda xəstə sayının artacağını planlaşdırırdıq. Bu səbəbdən təlimlər əvvəlcədən nəzərdə tutulmuşdu. Pandemiya ilə qarşı-qarşıya qaldıq. TƏBİB olaraq yeni yaradılmışdıq və 1 ay sonra bütün gücümüzü COVID-19-la mübarizəyə cəlb etməli olduq. Hazırki vəziyyətdə pandemiya şəraitindən istifadə edərək ölkəyə gəlmiş xarici müətəxəssislərin də vasitəsilə anestioloji xidmət sahəsində vərdiş qazanmış əməkdaşlara eyni zamanda reanimatoloji vərdişləri də aşılayaq, onlara təcrübə qazandıraq”, - deyə R. Bayramlı bildirib.
Sədr modul tipli xəstəxanaların lazım gələrsə, tibbi personalla təmin oluna biləcəyini də deyib: “Xaricdən dəvət etdiyimiz mütəxəssislərin burda olmasının bir səbəbi də təlimlərin tez keçirilməsidir. Əslində tibbi heyətimiz yetərlidir, sadəcə reanimasiya vəziyyətində yardım göstərmək üçün müəyyən təcrübəyə ehtiyac var. Təbii ki, biz bu istiqamətdə çalışırıq. Modul tipli xəstəxanaları hazırlamaqla yanaşı biz onların tibbi personalını da əvvəlcədən nəzərə alırıq. Hazırda istifadəyə verilmiş Yeni Klinika Tibbi Mərkəzi 575 yataqdan ibarətdir. İstifadə edilən modul tipli 5 xəstəxananın hərəsində 200 yer var. Bunlar ümumilikdə 1500 çarpayı edir. Bu xəstəxanaların çalışması üçün heyəti yox idi. Biz TƏBİB-in tabeliyində olan digər xəstəxanalardakı tibbi heyətə təlim keçərək ora yönəltmişik. Proses bu şəkildə də davam edəcək”.

Tehsil-press.az


Oxşar xəbərlər