Peşə təhsili pilləsi üzrə qəbulun nəticələri ilə bağlı Apelyasiya Komissiyası yaradılır

Peşə təhsili pilləsi üzrə qəbulun nəticələri ilə bağlı Apelyasiya Komissiyası yaradılır Peşə təhsil müəssisələrinə qəbul və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apelyasiya Komissiyası yaradılır.
Komissiya apelyasiya müraciətlərinə baxılması üçün sentyabrın 23-dən 25-dək fəaliyyət göstərəcək.
Apelyasiyaya ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə daha öncə müraciət etməyən şəxslər qatıla bilər. Daha öncə hər hansı peşə təhsili müəssisəsinə qəbul olan və sənədlərini təsdiq edən şəxslər bu mərhələdə müraciət edə bilməzlər.
Vətəndaş “Şəxsi kabinet”inə daxil olmalı, “Apelyasiyaya müraciət et” hissəsində görüş üçün vaxt götürməlidir. Görüş üçün vaxt yalnız 23-25 sentyabr tarixləri seçilə bilər. Həmçinin nəzərə alınmalıdır ki, görüş vaxtı 30 dəqiqəlik intervalla bölünüb və hər intervalda say limiti qoyulub. Limit dolduqdan sonra həmin yeri seçmək mümkün deyil. Vətəndaş vaxt seçib təsdiqlədikdən sonra onun apelyasiya müraciəti qəbul edilir və qeyd etdiyi vaxtda onunla onlayn görüş təşkil olunur. Müraciət edən şəxs mütləq şəkildə onunla təyin edilən görüş vaxtı “Şəxsi kabinet”inə daxil olmalı, orada göstərilən görüş linkinə keçid etməlidir. Qeyd edilən intervalda görüş linkinə daxil olmayan şəxslərin müraciəti “apelyasiyada iştirak etmədi” kimi nəzərə alınacaq və onlara yenidən müraciət etmələri üçün əlavə şərait yaradılmayacaq.
Apelyasiyaya müraciət zamanı qeyd olunan qaydalara əməl olunmalıdır:
-Şəxsi kabinetdən görüş tarixi seçilməlidir;
-Seçilən görüş intervalında vətəndaş kompüter qarşısında olmalı və şəxsi kabinetindəki görüş linkinə daxil olmalıdır;
-Görüşdə müraciət edən şəxsən iştirak etməlidir;
-Vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd və attestatın əsli yanında olmalıdır;
-Görüşdə vətəndaşın müraciəti dinləniləcək və müvafiq dəstək göstəriləcək;
-Müraciət üçün Agentliyə yaxınlaşmağa ehtiyac yoxdur.
Xatırladaq ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsi avqustun 10-dan 24-dək, boş qalmış yerlər üzrə II mərhələsi isə sentyabrın 4-dən 14-dək elektron qaydada həyata keçirilib. Sistemdə ümumilikdə 20 min 144 nəfər qeydiyyatdan keçib, onların 19 min 128-i ixtisas seçimini tamamlayıb. II mərhələdə 5014 şəxs, ümumilikdə isə 14950 şəxs müsabiqədən uğurla keçmiş hesab olunur.

Tehsil-press.az


Oxşar xəbərlər