Professor İlham Məmmədzadə: Filosoflar süni intellektə dair sistemli təhlillər aparmalıdırlar

Professor İlham Məmmədzadə: Filosoflar süni intellektə dair sistemli təhlillər aparmalıdırlar AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Fəlsəfə, süni intellekt və Lütfi Zadənin qeyri-səlis məntiq konsepsiyası” mövzusunda onlayn respublika elmi konfransı keçirilib.
Tədbirdə çıxış edən müəssisənin direktoru, professor İlham Məmmədzadə bütün sahələrdə olduğu kimi, fəlsəfənin də birbaşa süni intellektlə bağlı olduğunu vurğulayıb: “Fəlsəfə bu gün süni intellektdən kənarda qala bilməz, onsuz mümkün deyil. Demək olar, elə sahə yoxdur ki, süni intellektin xidmətlərindən yararlanmasın. Hər şey inkişaf edir, modernləşir. Belə olduğu təqdirdə biz alimlər də öz işlərimizi inkişaf etdirmək üçün süni intellektdən faydalanırıq”.
O, insanların süni intellektdən hansı formada faydalanması, bunun nəticəsində yarana biləcək problemlərin aradan qaldırılması üçün alimlərin, xüsusilə filosofların geniş elmi təhlillər apararaq müəyyən elmi nəticələr ortaya qoymasının zəruriliyini vurğulayıb, bu işlərin sistemli şəkildə aparılmasının vacibliyinə toxunub.
Onlayn tədbirdə “Süni intellekt sistemlərinin yaradılmasının konseptual əsasları”, “Süni intellekt sistemlərinin yaradılmasında qeyri-səlis məntiqin rolu”, “Süni intellektin tədqiqinə fənlərarası yanaşmanın metodoloji özəllikləri”, “Geosiyasət: süni intellekt, texnosiyasi dəyişikliklər və Azərbaycan milli strategiyalar kontekstində”, “Süni intellekt və tənhalıq”, “Süni intellekt dövrün mühüm problemidir”, “Süni (idraki) intellektlə səmərəli qarşılıqlı əlaqələrin qurulmasında ahəngyol nəzəriyyəsindən istifadə”, “Süni intellekt və müasirlik”, “Dördüncü sənaye inqilabı və süni intellekt” mövzularında məruzələr dinlənilib.
Konfrans iştirakçıların mövzular ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər