Bakı Dövlət Universitetinin qarabağlı fəxrləri silsiləsindən: professor Rəhim Hüseynov

Bakı Dövlət Universitetinin qarabağlı fəxrləri silsiləsindən: professor Rəhim Hüseynov Bakı Dövlət Universiteti (BDU) bu ali məktəbin, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılarını davam etdirir. Yazıların qəhrəmanları isə ürəyi Vətən üçün alışıb-yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə yaddaşlarda iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir. Növbəti yazı universitetin Astrofizika kafedrasının müdiri olmuş Rəhim Hüseynov haqqındadır.
Rəhim Hüseynov 1924-cü il sentyabrın 9-da Şuşa səhərində anadan olub. 1940-cı ildə Bakıda orta məktəbi əla qiymətlə bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsinə imtahansız qəbul olub, 1946-cı ildə ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirib. 1953-cü ildə astrofizika üzrə ilk elmlər namizədi, 1971-ci ildə isə ilk elmlər doktoru elmi dərəcələrini, 1977-ci ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. AMEA Astrofizika bölməsində şöbə müdiri (1957-1960), Şamaxı Astrofizika Rəsədxanasında elmi işlər üzrə direktor müavini (1960-1964), laboratoriya müdiri (1964-1975) vəzifələrində çalışıb. 1957-ci ildə Yerin ilk süni peyki buraxılan ərəfədə R.Hüseynov onu müşahidə etmək məqsədilə universitetdə xüsusi stansiyanın yaradıcısı, rəhbəri və əsas aparıcısı olub.
Professor R.Hüseynov 1975-ci ildə Bakı Dövlət Universitetində təşkil olunmuş Astrofizika kafedrasının müdiri təyin olunub, 17 il bu vəzifədə, 1992-ci ildən ömrünün sonuna qədər isə həmin kafedranın professoru vəzifəsində çalışıb. Beynəlxalq Astronomiya İttifaqının və Avropa Astronomiya Cəmiyyətinin üzvü olub. “Şərəf nişanı” ordeni ilə təltif edilib, “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Bir çox ölkələrin elmi təhsil mərkəzlərində və müəssisələrində çoxsaylı elmi məruzələr oxuyub. Professor R.Hüseynovun elmi əsərləri Günəş atmosferinin radiooptik xüsusiyyətləri, Günəş alışmalarının ilk fazası və onlarda gedən dinamik proseslər, planetar dumanlıq və onların əsas parametrlərinin təyini və s. həsr olunub. İlk dəfə Günəş alışmaları və radiopüskürmələrinin geniş diapazonda şüalanmasında məhəlli maqnit sahəsində relyativist elektronların əhəmiyyətli rolu barədə hipotez irəli sürüb. Planetar dumanlıqlara qədər məsafənin və onların nüvələrinin radiusunun yeni təyini üsullarını işləyib. 100-dən çox elmi əsərin, o cümlədən 70-dən çox elmi məqalənin, 6 elmi-kütləvi kitabın, bir monoqrafiyanın, ali və orta məktəblər üçün dərsliklərin müəllifi olub. “Astronomiya terminləri lüğəti”nin işıq üzü görməsi də professor Rəhim Hüseynovun adı ilə bağlıdır. Birinci həmmüəllifi və redaktoru olan doqquz min söz və ya söz birləşməsindən ibarət Azərbaycanca-rusca-ingiliscə lüğətin sonunda Günəş və Ay təqvimləri haqqında daha dəqiq hesablamalara əsasən mühüm əlavələr verilib.
Alimin tədqiqat işlərinin nəticələri dünyanın mötəbər elmi mərkəzlərində xüsusi qeyd olunub. Rəhbərliyi altında bir neçə fəlsəfə doktorluğu, bir elmlər doktorluğu dissertasiyası müdafiə edilib. Alim 2012-ci ildə Bakıda vəfat edib.
Əminik ki, Qarabağın işğaldan azad edilməsi, üçrəngli bayrağımızın Rəhim Hüseynovun dünyaya göz açdığı Şuşada dalğalanması görkəmli alimin ruhunu şad edir.

Tehsil-press.az

Oxşar xəbərlər