ADNSU-da akademik Tofiq Əliyevin 90 illiyinə həsr olunan elmi konfrans keçirilib

ADNSU-da akademik Tofiq Əliyevin 90 illiyinə həsr olunan elmi konfrans keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim, akademik Tofiq Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.
Tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı akademik Tofiq Əliyevin əmək fəaliyyətinin böyük hissəsinin Azİİ (indiki ADNSU) ilə bağlı olduğunu deyib və onun elmə, təhsilə verdiyi töhfələrdən danışıb.
T.Əliyevin 37 monoqrafiya və kitab, 227 məqalə, 213 ixtiranın müəllifi olduğunu qeyd edən rektor alimin rəhbərliyi altında 38 fəlsəfə doktoru və 5 elmlər doktoru hazırlandığını diqqətə çatdırıb.
Tədbirdə T.Əliyevə həsr olunmuş film nümayiş etdirilib.
ADNSU-nun informasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, dosent Səməd Yusifovun görkəmli alimin həyat və fəaliyyəti haqqında təqdimatı dinlənilib.
Qeyd edilib ki, T.Əliyev 1928-ci ildə anadan olub. Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) energetika fakültəsini bitirib. 1954-cü ildə texnika elmləri namizədi, 1967-ci ildə texnika elmləri doktoru elmi dərəcəsini alıb, 1969-cu ildə professor elmi adına layiq görülüb. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib.
Sumqayıt Dövlət Universitetinin professoru Nadir Kazımov və digər çıxış edənlər alimlə bağlı xatirələrini bölüşüblər.

ADNSU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər