Bakı Dövlət Universitetinin qarabağlı fəxrləri silsiləsindən: professor Bəhram Mirzəyev

Bakı Dövlət Universitetinin qarabağlı fəxrləri silsiləsindən: professor Bəhram Mirzəyev Bakı Dövlət Universiteti (BDU) bu ali məktəbin, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılarını davam etdirir. Yazıların qəhrəmanları isə Vətən üçün alışıb-yanan, yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi Qələbə onların da ruhlarını şad edir.
Növbəti yazı 1960-1970-ci illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının müdiri olmuş professor Bəhram Mirzəyevlə bağlıdır.
Bəhram Mirzəyev 1891-ci il aprelin 16-da Şuşa şəhərində anadan olub. Atası - rus ordusunun polkovniki Rüstəm Mirzəyev Bəhramı Şuşa real məktəbinə qoymuşdu. Lakin 1905-1906-cı illərdə Şuşada baş verən erməni-müsəlman davası həmin məktəbdə oxuyan bütün azərbaycanlı uşaqlar kimi ona oranı bitirməyə imkan vermədi. Bəhram Mirzəyev təhsilini davam etdirmək üçün bir çox həmyerliləri kimi Bakı real məktəbinə üz tutdu və 1909-cu ildə həmin məktəbi başa vurdu. O, 1911-ci ildə Peterburq universitetinin Fizika-riyaziyyat fakültəsinə qəbul olub. Ali təhsilini başa vuraraq bir müddət orada və Donetsk vilayətində pedaqoji fəaliyyətlə məşğul olub. Vətənə qayıdaraq 1923-cü ildən Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) elmi və pedaqoji fəaliyyətə başlayıb.
Bəhram Mirzəyev universitetin Fizika-riyaziyyat fakültəsində ilk dəfə olaraq Azərbaycan dilində optikaya dair mühazirələr oxuyub, fizikanın ayrı-ayrı sahələrinə dair ana dilində dərsliklər və təcrübi məşğələlər üzrə tədris vəsaitləri nəşr etdirib. Onun səyi və böyük zəhməti bahasına universitetdə yeni laboratoriyalar təşkil edilib, fizika kabineti yaradılıb. O, 1941-ci ildə Təcrübi fizika kafedrasına müdir vəzifəsinə irəli çəkilib. Gənc alim bundan sonra tədqiqatlarını daha da genişləndirməyə, yarımkeçiricilər sahəsində araşdırmalar aparmağa başlayıb. 1960-cı ildə yaradılan Yarımkeçiricilər fizikası kafedrasının müdiri vəzifəsinə seçilib və 1970-ci ilədək kafedraya rəhbərlik edib. Elə həmin vaxtdan da Fizika fakültəsində zəhmətkeş alimin rəhbərliyi ilə yarımkeçiricilər fizikası problemləri elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb. 1969-cu ildə Bəhram Mirzəyevə professor elmi adı verilib.
Əllidən çox elmi əsərin, 2 ixtiranın, Böyük Vətən müharibəsi illərində iki hərbi təklifin müəllifi olan Bəhram Mirzəyev Azərbaycan elmi qarşısında xüsusi xidmətlərinə görə 1969-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Bir neçə medalla və Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib.
Professor Bəhram Mirzəyev 1974-cü ildə Bakıda vəfat edib.
Əminik ki, Qarabağın işğaldan azad edilməsi, müzəffər Azərbaycan Ordusunun üçrəngli bayrağımızı unudulmaz Bəhram Mirzəyevin dünyaya göz açdığı Şuşa şəhərində ən hündür zirvəyə sancması görkəmli alimin ruhunu şad edir.

Tehsil-press.az

Oxşar xəbərlər