Bakı Slavyan Universitetinin tələbələri beynəlxalq forumda sertifikatla təltif ediliblər

Bakı Slavyan Universitetinin tələbələri beynəlxalq forumda sertifikatla təltif ediliblər Rusiyanın paytaxtı Moskvada “Çingiz Aytmatov və XXI əsr gəncliyi” mövzusunda beynəlxalq mədəni-tədris gənclər forumu keçirilib. Qırğızıstanın Rusiyadakı səfirliyinin dəstəyi, Moskva Dövlət Linqvistik Universitetinin, Rusiya Kimya-Texnologiya Universitetinin, Bişkek Dövlət Universitetinin, “Manas” və Çingiz Aytmatov Milli Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən forumda Bakı Slavyan Universitetinin (BSU) Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professoru Bella Musayevanın təşəbbüsü ilə Azərbaycan filologiyası fakültəsinin, Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbələri də iştirak ediblər.
Tələbələr forumdan öncə Çingiz Aytmatovun yaradıcılığına həsr olunmuş ədəbi-musiqili kompozisiya hazırlayıblar. Həmin kompozisiyanın videogörüntüsünü Moskvaya göndərərək yaradıcılıq müsabiqəsinə qatılıblar. BSU-nun tələbələri yaradıcılıq müsabiqəsində qalib gələrək sertifikatla təltif ediliblər.
Beynəlxalq mədəni-tədris gənclər forumunda professor Bella Musayeva təbrik nitqi səsləndirib. Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbəsi Zarina Əhmədova görkəmli yazıçı Çingiz Aytmatovun “Cəmilə” povestində yer alan məhəbbət mövzusu barədə dolğun məruzə ilə çıxış edib.

Tehsil-press.az

Oxşar xəbərlər