Azərbaycan İlahiyyat İnstitutunda ilin yekunlarına həsr olunmuş iclas keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda ilin yekunlarına həsr olunmuş iclas keçirilib Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və ilin yekunlarına həsr olunmuş iclas keçirilib.
Tədbirdə çıxış edən Aİİ-nin rektoru Aqil Şirinov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə səmimi arzularını ifadə edib. Həmrəylik Gününün tarixindən bəhs edən rektor Vətən müharibəsindəki birliyimizin bunun bariz nümunəsi olduğunu qeyd edib.
A.Şirinov ilin yekunları ilə bağlı məsələlərə də toxunub. Kollektivin birgə əməyi sayəsində onlayn dərslərin uğurla davam etdiyini diqqətə çatdırıb. İnstituta builki qəbul planından bəhs edən Aİİ rəhbəri islamşünaslıq ixtisasına minimum keçid balının 281, dinşünaslıq ixtisasına isə 305 bal təşkil etdiyini, eyni zamanda, magistratura və doktorantura səviyyələrində də qəbulun uğurla həyata keçirildiyini nəzərə çatdırıb. O, “Mövlana” və “Erasmus+” proqramları çərçivəsində müqavilələrin bağlandığını, pandemiya dövrü bitdikdən sonra tələbələrin xarici ölkə universitetlərində təhsil ala biləcəklərini vurğulayıb.
Rektor, həmçinin tələbələrin bilik səviyyəsinin və dünyagörüşünün artırılması istiqamətində müxtəlif müsabiqə və seminarların təşkil olunduğunu qeyd edib. Ərəbcə klassik dini mətnləri oxuma və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən təşkil olunan ingilis dili kurslarının fəaliyyətindən, ənənəvi olaraq keçirilən “Gözəl Quran oxuma”, Ədəbiyyat yarışmalarından söz açıb.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Mübariz Camalov pandemiya dövründə tədrisin təşkili, keyfiyyəti və səmərəliliyindən bəhs edib, imtahanlar haqqında məlumat verib.
Elm və innovasiyalar üzrə prorektor Mirniyaz Mürsəlov institutun “İlahiyyat nəşrləri” adı altında ötən dövr ərzində müəllim və əməkdaşların əməyi sayəsində çap olunan kitablar barədə məlumat verib. O, magistratura və doktorantura səviyyələrinə qəbulla bağlı məsələlərdən də danışıb.
Sonra İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova isə müharibə dövründə keçirilməyən dərslərin əlavə dərslərlə kompensasiya edildiyini, artıq qış imtahan sessiyasına tam hazır olduqlarını nəzərə çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər